İQTİSADİYYAT


Almaniya jurnalı: Azərbaycan iqtisadiyyatı inkişaf edir

Berlin, 16 aprel, AZƏRTAC

Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi (BMWI) tərəfindən maliyyələşdirilən Menecer Təlimi Proqramı (MTP) ilə bağlı olan “Fit for partnership with Germany” adlı jurnalın 13-cü sayı dərc olunub.

AZƏRTAC xəbər verir ki, nəşrin Azərbaycan üzrə bölməsində “Xəzər dənizində kiçik və orta biznesin (KOB) təşviqi” adlı məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf edir. Ölkə ümumi daxili məhsulunu 2020-ci ilədək əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. KOB-un bu artımda payı 15 faiz olacaq. Azərbaycan Hökuməti KOB-u xüsusilə təşviq edir və bu məqsədlə müvafiq agentlik yaradılıb.

Qeyd edilir ki, Azərbaycan böyük neft və təbii qaz ehtiyatlarına malikdir. Həmin mineral resurslar ölkəni nəzərəçarpacaq gəlirlə təmin edir. İqtisadiyyatın şaxələndirilməsini təşviq etmək məqsədilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilib. Bu konsepsiya ilə Azərbaycan neft və təbii qazdan asılı olmamağı hədəf seçib. Qeyri-neft sektoru üçün bu inkişaf proqramı müxtəlif biznes sahələrinə əhəmiyyətli imkanlar təklif edir. Əsas diqqət kənd təsərrüfatına, eləcə də emaledici, qida və tikinti sənayelərinə yetirilir. Eyni zamanda, bərpa olunan enerji və enerji səmərəliliyi sahələri dəstəklənir. Su təchizatı və kanalizasiya, o cümlədən tullantıların idarə olunması layihələri reallaşdırılır. Bütün bunlar alman şirkətləri üçün çoxsaylı əməkdaşlıq imkanları təklif edir. Konsepsiya Azərbaycandakı KOB-a diqqət yetirir və ona daha güclü dəstəyin göstərilməsi məqsədilə 2018-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təsis olunub.

Diqqətə çatdırılır ki, orta miqyaslı müəssisələrin məsul işçiləri 2009-cu ildən etibarən MTP-də iştirak edirlər. 2015-2018-ci illərdə MTP-də iştirak etmiş azərbaycanlıların üçdə ikisi ortamiqyaslı müəssisələrdən olublar. Almaniyada əldə olunmuş “nou-hau” vasitəsilə iştirakçılar həm ölkələrinin iqtisadi artımını gücləndirir, həm də Azərbaycan ilə Almaniya arasında ticari münasibətləri genişləndirirlər.

Bildirilir ki, MTP Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verir. Proqramın həyata keçirilməsindən etibarən 1000-dən çox alman işgüzar şəxs firmalarda olub, “B2B” tədbirlər, yaxud ticarət sərgiləri vasitəsilə azərbaycanlı sahibkarlarla tanış olmaq imkanı əldə edib. Bu xüsusda, MTP alman iqtisadiyyatının Azərbaycanla və regionla münasibətlərinin mühüm vasitəçisidir.

Vurğulanır ki, 2018-ci ildə Almaniya Azərbaycanın əsas təchizatçısı qismində dördüncü yerdə olub. Xam neft Almaniyanın Azərbaycandan idxalının 90 faizindən çoxunu təşkil edir. Almaniya Azərbaycanı əsasən avadanlıqlar, nəqliyyat vasitələri və onların komponentləri, eləcə də kimyəvi məhsullar ilə təchiz edir. 2019-cu ilin yayında Bakı şəhərində MTP-nin Azərbaycandakı tərəfdaşları BMWI və Almaniyanın Beynəlxalq İnkişaf Cəmiyyəti (GIZ) ilə birlikdə Azərbaycanın proqrama daxil edilməsinin 10-cu ildönümü qeyd olunacaq.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.