CƏMİYYƏT


Almaniya jurnalında dərc olunan müsahibədə Azərbaycan diasporunun fəaliyyətindən danışılıb

Berlin, 11 aprel, AZƏRTAC

Almaniyanın “Südthüringen Kurier” qəzetinin aprel nömrəsində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayevin Almaniyadakı Azərbaycan diasporunun fəaliyyətinə dair müsahibəsi dərc edilib.

Koordinasiya Şurasının təsis edilməsini zəruri edən amillər barədə danışan Y.Musayev bununla bağlı təşəbbüsün Almaniyada yaşayan azərbaycanlılardan gəldiyini, burada təqribən 200 minə yaxın həmyerlimizin yaşadığını, təşkilatın Almaniyada 40-dan çox birlik və təsisatı özündə birləşdirdiyini bildirib. O, Koordinasiya Şurasının əsas məqsədinin həmvətənlərimiz ilə daha sıx əlaqələrin qurulmasının, müxtəlif diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsinin və Almaniyadakı azərbaycanlıları narahat edən və düşündürən problemlərin həll edilməsinə köməyin göstərilməsinin olduğunu nəzərə çatdırıb.

Azərbaycan diasporunun institusionallaşması üçün kifayət qədər potensialın olub-olmaması ilə bağlı suala cavabında o bildirib ki, hazırda kommunikasiya və informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə diaspor üzvlərinin milli məsələlər ətrafında birləşməsi və onlar arasındakı həmrəyliyin gücləndirilməsi üçün böyük imkanlar var. O, Koordinasiya Şurasının əsas dəyərlərinin etibar, şəffaflıq və birlik olduğunu qeyd edib. Y.Musayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əsas vəzifələri müəyyən edilmiş Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində bütün dünyada yaşayan azərbaycanlılarda milli ruhun formalaşdığını və azərbaycançılıq ideyasının diaspor təşkilatlarının institusionallaşmasında yeni səhifənin başlanğıcını qoyduğunu vurğulayıb. O, Almaniya, Fransa, İsveçrə və digər ölkələrdə koordinasiya şuralarının təsis edilməsinin bunun bariz nümunəsi olduğunu nəzərə çatdırıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.