İQTİSADİYYAT
Almaniya maye təbii qaz idxalı üçün ilk terminal alacaq
Berlin, 15 dekabr, AZƏRTAC
Almaniya qaz təchizatında Rusiyadan qismən asılılığı tədricən aradan qaldırmağa yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, yaxın günlərdə Şimal dənizindəki Vilhelmshafen limanına yan alacaq üzən “Höegh Esperanza” qurğusu uzaq Nigeriyadan AFR-ə ilk maye qaz yükünü çatdıracaq.
Məlumata görə maye təbii qazın saxlanmasına və təkrarən qaz halına keçirilməsinə imkan verən bu gəminin gücü azı 50 min ev təsərrüfatını bir il ərzində qazla təmin etmək üçün kifayətdir.
Başqa Avropa ölkələrindən fərqli olaraq Almaniyada indiyə qədər maye təbii qaz idxal etmək üçün terminal yox idi. Ölkə qazın çox hissəsini sualtı və quru ərazi üzrə boru kəmərləri vasitəsilə Rusiyadan alırdı.
“Höegh Esperanza” qurğusu kontinental qaz şəbəkəsi ilə əlaqəli olan üzən platformadır. Gəminin təntənəli açılış mərasimi dekabrın 17-də keçiriləcək. Mərasimdə kansler Olaf Şolts da iştirak edəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin