ELM VƏ TƏHSİL


Almaniya məktəblərində halal və koşer naharlar sifariş etmək olar

Berlin, 19 avqust, AZƏRTAC

Oxucularımızı Almaniya orta məktəbləri ilə bağlı qaydalar haqqında məlumatlandırmaqda davam edirik. Bu dəfə AZƏRTAC həmin məsələnin bəzi başqa aspektləri haqqında söhbət açacaq. Məsələn, Almaniyada müəllimi ayaq üstə salamlamaq qəbul edilməyib. Sinifdə müzakirələr zamanı və cavab verərkən şagird yerindən qalxmaya bilər, yerində əyləşmiş vəziyyətdə də cavab vermək olar.

Almaniyada şagirdlər növbətçilikdən azad edilib. Onlar sinif otaqlarını yığışdırmır, fasilələr zamanı məktəbdə qayda-qanuna nəzarət etmirlər. Çoxları belə hesab edir ki, məsələyə bu cür yanaşma o qədər də düzgün deyil və uşaqlarda başqasının əməyinə hörmət hissi aşılamağa imkan vermir. Almaniya cəmiyyətində bu barədə müzakirələr gedib, lakin hələlik ortaq fikrə gəlmək mümkün olmayıb. Hər halda, uşaqlar məktəbləri yığışdırmırlar.

Almaniya məktəblərində adi qarderoblar yoxdur. Qış vaxtı uşaqlar dərsdə gödəkcə ilə əyləşə bilər. Bu, müəllimə hörmətsizlik sayılmır. Hər bir kabinetdə xüsusi ayrılmış yerdə uşaqlar üst paltarlarını xüsusi qarmaqlara asa bilər, bir kabinetdən digərinə keçəndə isə əlbəttə, öz paltarlarını götürməlidirlər.

Məktəbli forması barədə məcburi tələb də yoxdur. Məktəblilər və müəllimlər paltar seçimində özlərini məhdudlaşdırmağa borclu deyil və hansı geyimdə özlərini rahat hiss edirlərsə, onu da geyinə bilərlər. Paltarları və şəxsi əşyaları saxlamaq rahat olması üçün hər şagirdin açarla bağlanan balaca dolabı var.

Məktəbə gedən uşaqlar həmişə özləri ilə bir şüşə su götürürlər. Onlar istənilən vaxt, hətta dərs zamanı müəllimdən icazə istəmədən su içə bilərlər. Birinci böyük tənəffüs zamanı məktəblilər evdən gətirdikləri yeməyi yeyirlər.

Məktəbin ayrıca yeməkxanası da var. Burada uşaq üçün bir ay qabaqcadan yemək sifariş etmək olar. Yeməklərin çeşidi genişdir, hətta vegetarian və pəhriz yeməkləri də var. Maraqlıdır ki, müsəlman ailələrindən olan uşaqlar məktəbdə halal yemək, yəhudi ailələrindən olan uşaqlar isə koşer (yəhudi dini qaydalarına uyğun hazırlanmış yeməklər) sifariş edə bilərlər.

Məktəbdə dərslər müxtəlif vaxtlarda başlana bilər. Konkret məktəb bunu özü müəyyən edir. Bu barədə ciddi tələblər yoxdur. Uşaqlar çox vaxt məktəbə avtobusla və ya qatarla gəlirlər.

Məktəbdə hər dərs 45 dəqiqə davam edir. Yay tətilləri iyun və ya iyul aylarında başlanır və avqust ayında qurtarır. Bu da məktəbdən asılıdır. Qışda bayramlar dövründə məktəblilər yalnız yanvarın 2-nə qədər istirahət edirlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.