DÜNYA
Almaniya ordusu yeni ehtiyat tədbirləri görür
Berlin, 23 avqust, AZƏRTAC
ABŞ hərbi bazalarının yerləşməsi haqqında məxfi məlumatlar bir il əvvəl İnternetin açıq seqmentində - "The Global Heat Map” interaktiv xəritəsində yerləşdiriləndən sonra Pentaqon öz hərbi qulluqçularına smartfonlarındakı geolokasiya funksiyalarını işə salmağı qadağan edib.
AZƏRTAC xəbər verir ki, indi Bundesfer də həmin ehtiyat tədbirlərini görmək qərarına gəlib. Almaniyanın hərbi qulluqçuları tezliklə qlobal şəbəkəyə çıxmaq imkanı olmayan xüsusi tip smartfonlarla təmin ediləcəklər. Kibertəhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi ilə bağlı olan bu addım daxili əlaqə sisteminə kənar şəxslərin, xüsusən hakerlərin daxil olmasını istisna etmək məqsədi daşıyır. Belə ki, AFR Müdafiə Nazirliyinin əməkdaşlarının etiraf etdiyinə görə, hakerlər Almaniya ordusunun serverlərinə daxil olmaq üçün daim “pəncərələr” axtarırlar.
Bir sıra digər ölkələrin ordularında da analoji məhdudiyyətlər mövcuddur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin