SİYASƏT
Almaniya portalında azərbaycanlı ekspertin analitik məqaləsi dərc olunub
Berlin, 1 oktyabr, AZƏRTAC
Almaniyanın “nex24.news” portalında azərbaycanlı ekspert Asif Məsimovun müəllifliyi ilə “Azərbaycan və Ermənistanın arqumentləri” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərinə nəzər salınır, bölgənin həmişə Azərbaycanın tərkib hissəsi olduğu vurğulanır.
Yazıda Dağlıq Qarabağın Ermənistana məxsus olması ilə bağlı erməni tərəfinin arqumentləri sadalanır və tarixi faktlara əsaslanaraq onların həqiqətə uyğun olmadığı sübuta yetirilir. Diqqətə çatdırılır ki, “Dağlıq Qarabağ xalqı” heç zaman mövcud olmayıb və sözügedən ərazilərdə ermənilər və azərbaycanlılar birgə şəkildə yaşayıb. Vurğulanır ki, Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratını təyinetmə hüququndan istifadə edə bilməzlər. Diqqətə çatdırılır ki, öz müqəddəratını təyinetmə hüququndan beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi çərçivəsində istifadə oluna bilər.
Müəllif, həmçinin ermənilərin Sumqayıt hadisələri ilə bağlı irəli sürdükləri iddiaları tarixi faktlara əsaslanmaqla rədd edir, eləcə də onların törətdikləri Xocalı qətliamından söz açır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin