REGİONLAR


Almaniya səfiri: Çalışmalıyıq ki, regionda sülh və əmin-amanlıq olsun

Gəncə, 7 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq oktyabrın 7-də Gəncə şəhərinə səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində almaniyalı diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Qədim İpək Yolu üzərində yerləşən Gəncə şəhəri haqqında qonağa ətraflı məlumat verilib. Bildirilib ki, Gəncəçayın hər iki sahilində yerləşən Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir.

Səfir Volfqanq Maniq qeyd edib ki, Qafqaz regionu üçün mühüm şəhər olan Gəncə yüksək iqtisadi potensiala malikdir. Vurğulayıb ki, Almaniyanın Gəncə ilə münasibətlərinin tarixi 200 ildən artıqdır. “Alman həmvətənlərim 200 il əvvəl Göygöl yaxınlığında qəsəbədə məskunlaşıblar ki, bu da Gəncə ilə Almaniya arasında münasibətlərin nə dərəcədə intensiv olmasını bir daha göstərir. Gəncədə alman izlərinin qorunub saxlanılması da olduqca təqdirəlayiqdir”, – deyə səfir bildirib.

Almaniya səfiri 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, törədilmiş hərbi cinayətlərin izləri ilə tanış olub.

Bildirilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu onlarla insan həlak olub, yüzdən çox şəxs yaralanıb, yaşayış yerlərinə, infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Səfir müharibə qurbanlarının, xüsusilə 1 il əvvəl həlak olmuş dinc sakinlərin xatirəsini ehtiramla andığını bildirərək deyib: “Sivil, dinc əhali arasında olan qurbanlar bizə müharibənin bir daha baş verməməsi üçün əlimizdən gələn hər şeyi etməli olduğumuzu xatırladır. Biz çalışmalıyıq ki, regionda sülh və əmin-amanlıq olsun, qırğınlar bir daha baş verməsin”.

Ermənistanın silahlı qüvvələrinin Gəncədə törətdiyi terror aktları nəticəsində həlak olan mülki şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılan ərazilərə tər çiçəklər düzülüb.

Volfqanq Maniq Nizami Gəncəvi Məqbərə Kompleksində də olub. O, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin məzarını ziyarət edib. Almaniyalı diplomata Nizami Gəncəvinin yaradıcılığı və zəngin irsi barədə ətraflı məlumat verilib. Daha sonra Nizami Gəncəvi Muzeyində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə almaniyalı İslam dini alimi, müəllif və tərcüməçi Ştefan Vaydnerin “Şərq dünyası ədəbiyyatı" mövzusunda məruzəsi dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.