İQTİSADİYYAT
Almaniya şirkəti SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsini sertifikatlaşdırıb
Bakı, 9 fevral, AZƏRTAC
Almaniya şirkəti SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsini (TTSİ) sertifikatlaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə TTSİ məlumat yayıb. Bildirilir ki, idarənin qaynaq mərkəzləri və sınaq laboratoriyaları DVS 1102 Direktivinin tələbləri əsasında “Technischer Überwachungs-Verein (TÜV) Thüringen e.V.” şirkəti tərəfindən attestasiya edilib. Attestasiyanın yekunlarına əsasən, idarədə fəaliyyət göstərən qaynaq emalatxanalarının qaynaqçıların hazırlanması üzrə texniki standartlara uyğunluğu təsbit olunub və nəticə etibarilə TTSİ aidiyyəti qaydada sertifikatlaşdırılıb.
Qeyd edək ki, “TÜV Thüringen e.V.” şirkəti keyfiyyət idarəetmə sistemi və digər idarəetmə sistemlərinin, məhsulların və onların komponentlərinin, personalın sertifikatlaşdırılması, istehsal avadanlıqlarının və texniki qurğularının dövri sınaqları, nəqliyyat vasitələrinin sınaqdan keçirilməsi istiqamətlərində kompleks xidmətlər həyata keçirir. Fəaliyyətinin əsas predmeti analiz, ekspertiza, məsləhət xidmətləri, planlaşdırma, ölçmə, sınaq, təlim və sertifikatlaşdırmadan ibarətdir. Şirkətin dünyanın müxtəlif yerlərində 1000-dən çox əməkdaşı fəaliyyət göstərir ki, onlardan 600 nəfəri Almaniyanın payına düşür. Ümumilikdə şirkətin fəaliyyətinin başlıca məqsədi insanların sağlamlığının qorunması, ətraf mühitin və maddi sərvətlərin mühafizəsinə yönəlir. “TÜV Thüringen e.V.” şirkəti Almaniya, İtaliya, İsveçrə, Rumıniya, Macarıstan, Bolqarıstan, Polşa, Litva, Makedoniya, Serbiya, Xorvatiya, Bosniya və Herseqovina, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan və Misirdə malik olduğu birgə müəssisələr və nümayəndəliklər vasitəsilə təmsil edilir.