DÜNYA
Almaniyada “Yaşıllar”ın reytinqi pik həddə çatıb
Berlin, 18 sentyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, sonuncu sorğunun nəticələrinə görə, Almaniyada “Yaşıllar” Partiyasının reytinqi artıb. Odur ki, “yaşıllar”la Kansler Angela Merkelin mühafizəkarlarının populyarlığı arasında fərq hazırda azalmaq üzrədir.
“Yaşıllar” Partiyasının populyarlığı bu ilin mayında Avropa Parlamentinə seçkilərdə Almaniya Sosial-Demokrat Partiyasını geridə qoyan bu partiyanın nəzərəçarpan nəticələrindən sonra artmağa başlayıb. Sonuncu sorğuların nəticələri “Yaşıllar” Partiyasının populyarlığının 26 faiz həddində olduğunu göstərib. Bu da 1991-ci ildən keçirilən sosioloji sorğuların bütün tarixi ərzində partiyanın ən yüksək göstəricisidir.
Kansler Angela Merkelin Xristian-Demokrat Partiyası cəmi 27 faiz səs toplayıb.
“Yaşıllar”ın reytinqinin artması təkcə Almaniyada müşahidə olunmayıb. Onların britaniyalı həmkarları Avropa Parlamentindəki üzvlərinin sayını iki dəfədən çox artırıblar. Amma Fransa “yaşılları” yalnız üçüncü yerlə kifayətləniblər. “Ekoloqlar” İrlandiya, Finlandiya və Belçikada da müvəffəqiyyət qazanıblar, nəticədə Avropa Parlamentində “yaşıl” fraksiyanın sayı hazırda 74 deputata çatıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin