SİYASƏT


Almaniyada daha bir Azərbaycan evi Kölndə açılıb

Berlin, 26 dekabr, AZƏRTAC

Xaricdə yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan evlərindən daha biri dekabrın 25-də Almaniyanın Köln şəhərində açılıb.

AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Strateji Yol Xəritəsinə uyğun olaraq yaradılan Azərbaycan evi Kölndəki soydaşlarımızın istifadəsinə verilib. Digər şəhərlərdə olduğu kimi, Kölndəki Azərbaycan evi də soydaşlarımızla yanaşı, dövlətimizi və xalqımızı sevən, milli maraqlarımıza hörmətlə yanaşan hər kəs üçün açıq müzakirə məkanı, görüş yeridir.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, Almaniya Azərbaycanlıları Alyansının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan evlərinin əhəmiyyətindən danışıb, bu evlərin soydaşlarımızın birliyi, birgə fəaliyyət göstərmələri üçün xüsusi önəm kəsb etdiyini vurğulayıblar. Soydaşlarımız bu evlərin yaradılmasını xaricdə yaşayan azərbaycanlılara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının nümunəsi kimi qiymətləndiriblər.

Tədbir Azərbaycan mahnılarından ibarət konsert proqramı ilə davam edib.

Xatırladaq ki, Almaniyada ilk Azərbaycan evi dekabrın 24-də Berlində açılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.