İQTİSADİYYAT
Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlar üçün müsabiqə elan edilib
Bakı, 9 avqust, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlara müraciət edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2020-ci ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirak etməkdə maraqlı olan sahibkar və menecerlər üçün müsabiqə elan edilib.
Proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektlərinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, biznes sahəsində müasir nəsil menecerlərin hazırlığı və ixtisasının artırılmasına, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına şərait yaratmaqdır. Proqram ingilis dilindədir.
Namizədlər üçün tələblər ali təhsilli (bakalavr və ya magistr dərəcəsi), 45 yaşdan aşağı, menecment sahəsində azı 1 il iş təcrübəsinin, ingilis dili biliyinin, yüksək ünsiyyət və təqdimetmə bacarıqlarının olmasıdır.
Tələblərə cavab verən namizədlər müsabiqə mərhələsinə dəvət olunacaqlar. Oktyabrda Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcək.
Proqramda iştirak etmək istəyən namizədlərdən müvafiq sənədləri sentyabrın 20-dək ingilis dilində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ünvanına (Bakı şəhəri, Mustafa Kamal Atatürk prospekti, 134) və “[email protected]” e-mail ünvanına göndərmələri xahiş olunur.
Namizədlər ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən – “www.smb.gov.az” əldə edə bilərlər.