DÜNYA


Almaniyada məzarlıqda yer almaq üçün lotereya təşkil edilib

Berlin, 19 iyul, AZƏRTAC

Almaniyanın Yuxarı Bavariya əyalətindəki Berxtesqaden şəhərindəki köhnə məzarlığın ölçüsü yaxın vaxtlarda dünyasını dəyişə biləcək insanların sayı ilə müqayisədə çox kiçikdir. Burada özünə son mənzil tapmaq istəyənlərin sayı məzar yerlərinin sayından xeyli çoxdur. Bununla əlaqədar, şəhərin hakimiyyət orqanları mürəkkəb bir məsələ ilə üzləşiblər: məzarlıqda mövcud yerləri mümkün qədər ədalətli şəkildə bölüşdürmək lazımdır. Şəhərin yerli sakinləri olan 280 iddiaçıdan məhz kimin burada dəfn edilmək hüququ qazanmasını lotereya yolu ilə müəyyən etmək qərara alınıb. Lotereyada 200 yer oynanılıb. Onlardan 140-ı mərhumların tabutda dəfn edilməsi, 60-ı isə mərhumun külü olan urnanın basdırılması üçün nəzərdə tutulub.

“Uduş tirajı” iyulun 18-də yerli konqres mərkəzində keçirilib. İlk növbədə bu və ya digər səbəblərə görə ən yaxşı sayılan məzar yerləri oynanılıb. Dpa informasiya agentliyinin verdiyi məlumata görə, birinci məzar yerinin “bəxtəvər sahibi” 53 yaşlı Ziqlind Skrivan olub. Məzarlıqda Skrivanın özü və onun əri üçün yer nəzərdə tutulub. Sevincini gizlətməyən ər-arvad özləri üçün son məskən kimi məzarlığın lap mərkəzində, ağac altında yerləşən mənzərəli bir guşə seçiblər.

Üç yüz ildən çox yaşı olan bu məzarlıqda 1500 məzar yeri var. Berxtesqadendə köhnə məzarlıqdan başqa, şəhərin hüdudlarından kənarda yerləşən daha bir məzarlıq var. Oranın yolu daha uzun və çətindir. Bu isə dünyasını dəyişənlərin məzarlarını ziyarət edən və həmin məzarlara qulluq edən ailə üzvləri və qohumlar üçün mühüm amildir.

Berxtesqadendə təşkil edilmiş lotereya Bavariya hüdudlarından kənarda da diqqəti cəlb edib. “Almaniyada dəfn mədəniyyəti” bürosunun direktoru və federal dəfn büroları birliyinin nümayəndəsi Oliver Virtman dpa-ya müsahibəsində vurğulayıb ki, başqa şəhərlərdə hakimiyyət orqanlarının bu cür lotereyalar təşkil etməsi halları ona məlum deyil.

Yeri gəlmişkən, lotereyada qalib gələnlər məzarlıqda arzuladıqları yerin müqabilində hələ xeyli pul ödəməli olacaqlar. Almaniyanın müxtəlif şəhərlərində məzarlıqda yerlərin qiyməti fərqlidir. Berxtesqadendə on il müddətinə bir məzar yerinin qiyməti 550-760 avro həddində dəyişir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.