DÜNYA
Almaniyada neonasizm qurbanlarının xatirəsi anılıb
Berlin, 24 noyabr, AZƏRTAC
Alman və türk siyasətçiləri Almaniyanın şimal-qərbində yerləşən Möln şəhərində 25 il bundan əvvəl neonasistlər tərəfindən təşkil edilən yanğının qurbanlarının xatirəsini yad ediblər.
1992-ci il noyabrın 23-də neonasistlər Mölndə türklərin yaşadığı iki evə “Molotov kokteyli” tullayıblar. Yanğında 51 yaşlı Bahidə Arslan və onun iki nəvəsi – 10 yaşlı Yeliz və 14 yaşlı Ayzə həlak olublar. Daha 9 nəfər müxtəlif dərəcəli yanma xəsarətləri alıb.
AZƏRTAC xəbər verir ki, şəhər məscidində başlanmış anım tədbirinin əvvəlində həlak olanların ruhuna dualar oxunub. Xristian və müsəlman icmalarının üzvləri basqın nəticəsində həlak olan 3 nəfərin xatirəsini ehtiramla yad ediblər. Türkiyənin Almaniyadakı səfiri Əli Kamal siyasətçilərin və ictimaiyyətin həmin hadisədən dərs alacağına ümidvar olduğunu bildirib.
Anım mərasimində həmin yanğın vaxtı 7 yaşı olan İbrahim Arslan və onun atası Faruk Arslan da iştirak ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin