Almaniyada pambıq sarınmış çöpün yandırılması böyük yanğına səbəb olub
AzerTAg.az
Berlin, 10 may AZƏRTAC
Marksist ədəbiyyatında belə bir məşhur ifadə vardı: “Qığılcımdan alov doğar”. Almaniyanın Ditsingen şəhərində dünən baş vermiş yanğın göstərdi ki, alov adicə pambıq sarınmış çöpün yandırılmasından da əmələ gələ bilər.
AZƏRTAC Ditsingen şəhərinin fövqəladə hallar xidmətinin məlumatına istinadla xəbər verir ki, yanğına səbəb 14 yaşlı qızın yandırdığı pambıq sarınmış çöpü tam söndürmədən etinasız şəkildə atması olub.
Çoxmənzilli evdə baş vermiş yanğın sakinlərə böyük ziyan vurub. İlkin məlumata görə, yanğının vurduğu ümumi ziyanın məbləği azı 350 min avroya bərabərdir. Bir neçə mənzil yaşayış üçün tamamilə yararsız vəziyyətə düşüb və onların əsaslı təmiri tələb olunur. Binanın birinci mərtəbəsində mətbəxdə başlanmış yanğın sürətlə qonşu mənzillərə yayılıb. İndi binanın fasadının təmiri bir aydan çox, zərər çəkmiş mənzillərin qaydaya salınması isə daha bir neçə ay vaxt tələb edəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin mətnində orfoqrafik səhv var