DÜNYA
Almaniyada peyvəndlənmənin məcburi olacağı istisna edilmir
Berlin, 26 iyul, AZƏRTAC
Almaniyalı siyasətçilərin sözlərinə görə, koronavirus pandemiyasına qarşı ümumi mübarizənin tərkib hissəsi kimi əhalinin peyvəndlənməsi məcburi ola bilər.
AZƏRTAC xəbər verir ki, belə siyasətçilərin çoxlarının fikrincə, əgər virusun yeni ştamları yaranmaqda davam edərsə, peyvəndlənmənin məcburiliyi real tələb ola bilər.
Hökumətdə bildiriblər ki, müəyyən hallarda bəzi sahələr və müəyyən fəaliyyət növləri yalnız peyvəndlənmiş insanlar üçün əlçatan ola bilər. COVID-19-a qarşı məcburi immunlaşmanın tərəfdarları nümunə kimi qızılca xəstəliyini göstəriblər: bu xəstəlik çox yoluxucu olduğuna görə bütün uşaq bağçaları üçün qızılcaya qarşı vaksinləmə öhdəliyi mövcuddur. Federal hökumətdə və əyalətlərin hökumətlərində əmindirlər ki, vaksinləmə olmasa pandemiyaya qalib gəlmək mümkün deyil.
Siyasətçilər qarşıdan gələn payız və qış fəsilləri barədə çox bədbin fikirdədirlər. Onların çoxu hesab edir ki, keçən il payızda yoluxmaların sayı qəflətən kəskin şəkildə artdığı kimi, bu payızda da virus qayıda bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin