DÜNYA
Almaniyada qaçqınlara hücumların sayı azalıb
Berlin, 13 avqust, AZƏRTAC
Cari ilin birinci yarısında Almaniyada qaçqınlara və onların yerləşdirildiyi yataqxanalara hücumların sayı xeyli dərəcədə azalıb. Almaniya DİN-in məlumatına görə, bu ilin yanvar-iyun aylarında ölkədə, ümumiyyətlə, bu qəbildən 704 hücum, o cümlədən insanlara 627, yataqxanalara 77 hücum faktı qeydə alınıb.
AZƏRTAC “Funke” mediaqrupunun “Westdeutsche Allgemeine Zeitung”(WAZ) qəzetinə və digər nəşrlərinə istinadla xəbər verir ki, müvafiq hadisələr nəticəsində 120 nəfər yaralanıb. Bu məlumatlar Bundestaqda Solçular partiyası fraksiyasının sorğusuna qurumun cavabı olub.
Nəşrlərdə, həmçinin 2017-ci ildə qaçqınlara və onların müvəqqəti məskunlaşdığı mərkəzlərə 2200-dən çox, 2016-cı ildə isə 3500-dən çox hücum faktlarının qeydə alındığı bildirilir. Nazirlik bu hücumlar sırasında bədənə xəsarət yetirilməsi, yanğın törədilməsi, əmlaka ziyan vurulması, millətlərarası ədavətin qızışdırılması və təhqiretmə hallarını göstərir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin