DÜNYA


Almaniyada qaz böhranı getdikcə dərinləşir

Berlin, 23 iyun, AZƏRTAC

Bu gün AFR-in iqtisadiyyat naziri, federal hökumətin vitse-kansleri Robert Habek ölkədə “həyəcan rejimi” tətbiq olunduğunu elan edib.

AZƏRTAC xəbər verir ki, əsla populyar olmayan bu addım son vaxtlar yeraltı anbarlarda onsuz da az olan təbii qaz ehtiyatlarının daha da azalması ilə bağlıdır. Bu ehtiyatlar demək olar kritik aşağı səviyyəyə çatıb. Nazir qəza planının ikinci dərəcəsini elan edib. Bundan əvvəlki, şərti olaraq birinci dərəcəli həyəcan rejiminə aid edilən xəbərdarlıq hələ bu ilin martında elan olunmuşdu.

Qazın qiyməti əvvəlki kimi yüksəkdir və getdikcə artır, tədarük isə əksinə, kəskin şəkildə azalır. Nazir hazırkı vəziyyəti qaz böhranı adlandırıb. “Bundan sonra qaz - defisit məhsul deməkdir. Bu gün qiymətlər yüksəkdir və biz qiymətlərin bundan sonra da artmasına hazır olmalıyıq”, - deyə xəbərdarlıq edən nazir tədarüklərin azalmasını ölkəsinə “iqtisadi hücum” adlandırıb, almanları “kəmərlərini möhkəm bağlamağa” çağırıb.

“Deutsche Welle” nəşri yazır ki, qəza planının ikinci dərəcəsi ya bu yanacaqla bağlı tədarüklərdə ciddi fasilələrin yarandığı vaxt, ya da qaza tələbat son dərəcə yüksək olan vaxt tətbiq olunur. Hər iki halda bu sahədə vəziyyət əhəmiyyətli dərəcədə pisləşir. Nəşr qeyd edir ki, bu mərhələdə bazardan kənar xarakterli tədbirlər görmədən, bazarın hələ problemlərin öhdəsindən gəlmək iqtidarında olduğu güman edilir.

Lakin bu, hələ fövqəladə vəziyyət deyil. Fövqəladə vəziyyət həyəcan rejiminin üçüncü dərəcəsi hesab edilir. Bu halda qaz tədarükü o qədər pisləşir ki, vəziyyəti bazar mexanizmləri ilə düzəltmək artıq mümkün olmur və dövlətin müdaxiləsi vacib hesab edilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.