DÜNYA
Almaniyada “reyxsbürger”lərin sayı artır
Berlin, 26 iyul, AZƏRTAC
Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarənin 2017-ci il üçün hesabatında deyilir ki, Almaniyada belə adlandırılan “reyxsbürger”lərin sayı xeyli artıb. “Reyxsbürger”lərin çoxu ən radikal formalı zorakılıq tətbiq etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, həmin sənəd bu günlərdə Berlində təşkilatın rəhbəri Hans-Georq Massen və AFR-in daxili işlər naziri Horst Zeyehofer tərəfindən rəsmən təqdim edilib.
Sənəddə qeyd edilir ki, AFR-i tanımayan və özlərini “Almaniya Reyxi”nin vətəndaşları hesab edən “reyxsbürger”lərin və ruhən onlara yaxın olan “özünüidarəçi”lərin sayı 2016-cı ildə 12800 nəfər olduğu halda, 2017-ci ildə müvafiq rəqəm 16500 nəfərə yaxınlaşır. Onlardan təxminən 900 nəfəri sağçı ekstremistlərdir.
Sənəddə deyilir: “Onlar silahı çox xoşlayır və ən ağır zorakı cinayətlər törətmək üçün silah tətbiq etməyə hazırdırlar. Təxminən 1100 nəfər “reyxsbürger”in leqal silahı var.
AFR-də çoxdan məlum olan “reyxsbürger”lər hərəkatının (bu hərəkat 1980-ci illərdə yaranıb) tərəfdarları hesab edirlər ki, Almaniya hələ də qərbli müttəfiqlər tərəfindən işğal edilib. Onlar AFR-in bir dövlət qurumu kimi mövcudluğunu, habelə onun təsisatlarını və qanunlarını tanımırlar. “Reyxsbürger”lər Almaniyanın Əsas Qanununun, icra hakimiyyəti orqanlarının və məhkəmələrinin legitimliyini inkar edir, rəsmi bildirişlərin heç birini qəbul etmirlər. Bununla əlaqədar, onlar rəsmi idarələrin hər hansı bildirişlərini kütləvi şəkildə inkar edir, özlərinin “sənədlərini” nəşr edir və bu sənədləri pul müqabilində verirlər.
Bundan əlavə, “reyxsbürger”lər vergi ödəməkdən imtina edir, “İkinci Almaniya Reyxi”, “Azad Prussiya Dövləti”, “Federativ Bavariya Dövləti” və ya “Almaniya Knyazlığı” adlı məxsusi “dövlət subyektləri” yaradırlar. Onlar 1937-ci ilin sərhədləri daxilində “Almaniya Reyxi”nin hələ də mövcud olmasına əmindirlər. “Reyxsbürger”lər adının hərfi tərcüməsi “Reyxin/İmperiyanın vətəndaşları” deməkdir. İş o yerə çatıb ki, hətta əslində mövcud olmayan imperiyanın vətəndaşları üçün alternativ “şəxsiyyət vəsiqələri” və “sürücü vəsiqələri” hazırlanır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin