DÜNYA
Almaniyada sələfi təriqətinə məxsus olan uşaqlarla xüsusi iş aparılır
Berlin, 23 oktyabr, AZƏRTAC
Almaniyanın digər regionlarına nisbətən Şimali Reyn - Vestfaliyada radikal sələfi təriqətinə məxsus olanlar daha çoxdurlar. Alman mətbuatının yazdığına görə, radikal ideologiya bu insanların düşüncələrində o dərəcədə kök salıb ki, onlar “İslam Dövləti” terror təşkilatı uğrunda Yaxın Şərqə döyüşə yollanmağa da hazırdırlar.
AZƏRTAC xəbər verir ki, yerli KİV-lərin iddialarına görə, Almaniyada 1000 cihadçıdan 300-ü Şimali Reyn-Vestfaliyada yaşayır və son illər bu ölkədə radikal “islamçıların” törətdikləri bütün terror aktlarında sələfilərin təsiri altında olan insanlar iştirak ediblər. Bunlardan biri 2017-ci ilin dekabrında Berlində Milad bazarına hücum edən Anis Amri idi. Bu terror aktı nəticəsində 12 nəfər həlak olmuşdu.
“Əlbəttə, hər sələfi avtomatik olaraq terrorçu deyil, lakin hər terrorçu (Red. - Almaniyada) sələfi idi”. Bu sözləri əsas dayaq mərkəzi Reyn-Vestfaliyada olan sələfi radikallarla işləyən ən müxtəlif adamlar – Bonn şəhər Administrasiyası nəzdində konstitusiya mühafizəsi idarəsinin əməkdaşları, radikalizm əleyhinə mərkəzin və inteqrasiya şöbəsinin məsləhətçiləri dilə gətirirlər.
Sələfilərin arasında mədəniyyətləri inkar edən mürtəce mövqeyi ilə seçilən və İslam dininin sərt təfsiri əsasında öz şəxsi həyatını quran dindarlar var. Lakin bu cərəyanın tərəfdarlarının əksər hissəsi fundamental teokratik dövlətin yaranmasını arzulayan siyasi mövqedən çıxış edir. Onlar dünyəvi qanunları, o cümlədən Almaniya Konstitusiyasını qəbul etmirlər.
Sonuncuların arasında öz məqsədlərinə zorakı vasitələrlə çatmağa hazır olanlar da var. Konstitusiyanın mühafizəsi üzrə əyalət idarəsinin hesablamalarına görə, Şimali Reyn-Vestfaliyada 3 minə yaxın sələfidən 800-ü zorakılığa meyillidir. Sələfi qadınlar onların təxminən 12 faizini təşkil edir, Suriya və İraqa gedən zərif cinsin nümayəndələrinin sayı isə 28 faizdir.
Bu səbəbdən xüsusi xidmət orqanları sələfi qadınlara və onların uşaqlarına, xüsusən “İslam Dövləti” terror təşkilatının nəzarətində olan regionlardan Almaniyaya qayıdanlara daha çox diqqət ayırır. Artıq bu cür uşaqlar Bonn məktəblərində və bağçalarında yerləşdirilib.
Şəhər administrasiyasının inteqrasiya məsələləri üzrə müvəkkilləri “xəlifət”dən qayıdanlar və onların uşaqları ilə iş aparırlar. Onların sözlərinə görə, həddi-buluğa çatmayanların müdafiəsi üçün bütün hallarda yerli hakimiyyət orqanı, həmçinin uşaq bağçaları və məktəblərdəki tərbiyəçi və müəllimlər tərəfindən bu uşaqlara xüsusi diqqət ayrılmalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin