DÜNYA


Almaniyada tələbə harada yaxşı yaşaya bilər?

Berlin, 12 oktyabr, AZƏRTAC

Almaniyada tələbələrin sayı daim artır. 2010-cu ildən bu say üçdəbir dəfəyədək artaraq 2,84 milyon nəfər təşkil edib. Bu, mənzilə tələbatın artmasına və daşınmaz əmlak bazarında qiymətlərin qalxmasına gətirib çıxarır.

AZƏRTAC xəbər verir ki, Almaniya paytaxtında tələbələr üçün mənzillərin qiymətləri daha sürətlə artır. Berlində mənzil kirayəsi 2010-cu illə müqayisədə 67 faiz qalxıb. Kölndə yerləşən Almaniya İqtisadiyyatı İnstitutunun ekspertləri tələbə mənzillərinin orta dəyərini 3 parametrə görə - sahəsinə, təmir vəziyyətinə, ali məktəbdən hansı məsafədə yerləşməsinə görə müəyyən ediblər. Ən bahalı şəhərin Münxen olması məlum olub: burada ali məktəbə 1,5 kilometr yaxınlıqda yerləşən 20 kvadratmetrlik ortatəmirli mənzili kirayələmək 419 avroya başa gəlir. Həmin şəraitli mənzili Berlində ayda 250 avroya kirayələmək mümkündür. Daha münasib təklif Almaniyanın şərq hissəsindədir. Leyptsiqdə isə 20 kvadratmetrlik kirayə mənzilin aylığı 169 avrodur.

İnstitutun analitikləri hesab edirlər ki, gələcəkdə daha çox tələbə ölkənin şərqində yerləşən ali məktəblərə üstünlük verəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.