SİYASƏT


Almaniyada ümumavropa Qarabağ mitinqi keçiriləcək VİDEO

Bakı, 18 fevral, AZƏRTAC

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə fevralın 22-də saat 13:00-da Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar ümumavropa Qarabağ mitinqi keçiriləcək.

Azərbaycan Diaspor Komitəsindən AZƏRTAC-a bildirilib ki, aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibəti bəsləyən xalqların diasporlarının üzvlərinin qatılacağı gözlənilir.

Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçiriləcək mitinqin iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik!”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!” kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış edəcəklər.

Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını, münaqişə ilə bağlı məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb edəcəklər.

Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanacaq.

Mitinqdə mindən çox soydaşımızın iştirakı gözlənilir. Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənədin qəbulu və bir sıra beynəlxalq təşkilatlara ünvanlanması planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.