DÜNYA
Almaniyada uydurma fond terrorizmə qarşı mübarizənin əleyhinə və onunla barışmağa tərəfdar olub
Berlin, 2 sentyabr, AZƏRTAC
2016-cı il üçün Axen sülh mükafatı qondarma “Sülh uğrunda çıxış edən alimlər komitəsinə” təqdim edilib. Mükafatlandırma mərasimi cümə axşamı günündə Axen şəhərində olub.
Türkiyədə qadağan edilmiş PKK terror təşkilatına rəğbət bəsləyən komitənin adından mükafatı İstanbulun Bosfor Universitetinin dosenti Esra Munqan adlı bir şəxs alıb. “Alimlər komitəsi” Türkiyədə xalqın nifrətini ona görə qazanıb ki, o, PKK terrorçularının qarışıqlıq yaratdığı regionlarda Ankaranın hərbi əməliyyatı dayandırması çağırışı ilə çıxış edir. Yanvar ayında 1200-dək əsasən kürd mənşəli şəxs Türkiyənin elmi müəssisələrinə soxularaq, ölkənin cənub-şərqində, özlərinin yazdığı kimi, “kürdlərin və digər adamların qəsdən qırğınını və deportasiyasını” dayandırmaq, habelə “kürdlərlə sülh danışıqlarını” bərpa etmək barədə hökumətə ünvanlanan çağırışa imza atıblar.
Nə qalmaqallı mükafatı verən fond, nə də qondarma komitənin üzvləri məlumat verməyiblər ki, hökumət ordusu ölkənin tamhüquqlu vətəndaşı olan kürdlərə qarşı deyil, PKK-nın başkəsənlərinə qarşı vuruşur. Terrorçularla isə heç bir danışıq mümkün deyil.
Türkiyə hökumət orqanları müraciəti imzalayan şəxsləri haqlı olaraq “satqın” və PKK tərəfdarları adlandırıb. Mükafatın təsisçiləri terrorizmə qarşı mübarizə əvəzinə onunla barışmağa tərəfdar olan qondarma “alimlər” qrupunu dəstəkləməyi lazım biliblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin