DÜNYA
Almaniyada vətəndaşlığı olmayanlar da polis işləyə biləcəklər
Berlin, 19 iyul, AZƏRTAC
Almaniyada polis olmaq üçün heç vaxt indiki qədər geniş imkanlar olmayıb. AZƏRTAC xəbər verir ki, bu il təkcə Şimali Reyn-Vestfaliya federal əyaləti bakalavr proqramı üzrə pulsuz təhsil üçün 2300 yer təklif edir. Buraxılışdan sonra gənc mütəxəssislər xidmətə başlayırlar. Gələcək polislərdən hansı keyfiyyətlər tələb olunur? Almaniya vətəndaşı olmayanlar ərizə verə bilərlərmi?
Polis məktəblərinə qəbul olunanların boyu ən azı 163 santimetr, yaşı ən çoxu 37 olmalıdır. Onlar orta təhsil haqqında attestat təqdim etməli, ingilis dilini azı B1 səviyyəsində bilməlidirlər. Almaniyanın, yaxud Avropa İttifaqı ölkələrindən birinin vətəndaşı olmaq polis təhsili almaq üçün əsas tələblərdən biridir.
İstisnalar da var: əgər konkret şəhərin və ya regionun polisində türk, ərəb, rus və s. dilləri bilən əməkdaşa ehtiyac varsa, Almaniya vətəndaşlığı olmadan da məktəbə qəbul edirlər. Şimali Reyn-Vestfaliyada belə imkan nəzəri cəhətdən mövcuddur, amma digər əyalətlərdə istisnalara nadir hallarda yol verilir. Bonn polisinə əməkdaşların qəbul edilməsinə məsuliyyət daşıyan Harald Şellhaze məsələyə aydınlıq gətirərək deyib: “Əgər seçim sizin xeyrinizə olsa, onda vətəndaşı olduğunuz ölkənin dövlət dilini bu dilin daşıyıcısı səviyyəsində bildiyinizi məhkəmənin andlı tərcüməçisinə sübut etməlisiniz”. Bundan əlavə, polis məktəbinə daxil olmaq istəyənin Almaniyada müddətsiz (Niederlassungserlaubnis) və ya müvəqqəti yaşamağa (Aufenthaltserlaubnis) icazəsi olmalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin