DÜNYA
Almaniyada yaxalanan suriyalı silsilə terror aktları planlaşdırırmış
Berlin, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da Leypsiqdə tutulan 22 yaşlı suriyalı qaçqın Cabir əl-Bəkr “İslam dövləti” terror təşkilatının silahlıları ilə əlbir olmaqda və Almaniya nəqliyyatında terror aktı hazırlamaqda şübhəli bilinir. Bu sözləri Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarənin başçısı Hans-Georq Masen oktyabrın 11-də səhər ARD teleşirkətinin efirində bəyan edib. Onun sözlərinə görə, xüsusi xidmət orqanlarının məlumatları təsdiq edir ki, şübhəli əvvəlcə Almaniya qatarlarında terror aktı törətmək istəyirmiş, ancaq sonda diqqətini Berlin ərazisindəki aeroportlara yönəldib. H.G.Masen bildirib ki, mümkün terror aktı haqqında informasiya hələ sentyabr ayının əvvəlində daxil olub. İdarə hazırlıq işləri ilə məhz kimin məşğul olduğunu müəyyən edə biləndən sonra şübhəlini daim nəzarət altında saxlayıb. Suriyalının xüsusi yapışqan alması barədə məlumat veriləndə, onun tutulmasına qərar verilib. Ekspertlərin fikrincə, yapışqan partladıcı qurğunun sonuncu elementi olmalı idi.
Oktyabrın 8-də Kemnitsdə Cabir əl-Bəkri tutmağa ilk cəhd göstərilib, amma o, qaçıb gizlənə bilir. Ancaq oktyabrın 10-na keçən gecə suriyalını həbs etmək mümkün olur. O, vağzalda həmvətənlərindən biri ilə danışıb ondan evində gecələmək üçün icazə istəyir. Həmvətəni əvvəlcə razılaşır, amma sonra qonşularının köməyi ilə əl-Bəkrin əl-qolunu bağlayaraq onu polisə təhvil verir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin