SİYASƏT


Almaniyadakı Azərbaycan diasporunun təşkilatçılığı ilə “Qadınlar ənənə və emansipasiya arasında” adlı tədbir keçirilmişdir

Bakı, 27 sentyabr (AZƏRTAC). Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin (AAƏM) dəstəyi ilə Berlin-Bakı Qalereyasında “Qadınlar ənənə və emansipasiya arasında” adlı tədbir keçirmişdir.

Tədbirdə Berlin-Bakı Qalereyasının direktoru İbrahim Əhrari, AAƏM-nin icraçı direktoru Samira Patzer-İsmailova yüksək texniki inkişaf dövründə qadının cəmiyyətdəki yerindən və rolundan danışmışlar.

Bu tədbirə dəvət olunmuş azərbaycanlı yazıçı-publisist Günel Anarqızı da Azərbaycan qadınının keçdiyi mübarizə və inkişaf yolundan danışmışdır. G.Anarqızı Azərbaycan qadınının ədəbiyyatda təsvir edilən obrazı, tarixi inkişaf dövründə bu obrazın dəyişməsi haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

Azərbaycanlı publisistin ölkəmizdə sovet hakimiyyətinin qurulmasından və ondan əvvəlki dövrdə qadınların savadlanması, cəmiyyətdə və ailədə tutduğu mövqe barədə məruzəsi iştirakçılar tərəfindən maraqla dinlənilmişdir.

G.Anarqızı iştirakçıların müasir Azərbaycan qadınının indiki dövrdə cəmiyyətdə tutduğu yer, ölkəmizdə qadınların peşə seçimi barədə suallarını da cavablandırmışdır.

Görüşdə Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan Evi və “Baku GmbH” cəmiyyətinin üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, alman ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak etmişlər.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.