SİYASƏT


Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Uruqvay səfirliyinə etiraz məktubu göndərmişdir

Berlin, 26 oktyabr (AZƏRTAC). Mətbuatdan məlum olduğu kimi, Uruqvayın xarici işlər naziri Luis Almagro 2011-ci il sentyabrın 9-da “Ermənistan-Uruqvay ikitərəfli münasibətlərində imkanlar və problemlər” mövzusunda keçirilmiş konfrans zamanı “Dağlıq Qarabağın Ermənistanın tarixi hissəsi və Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli kimi onun Ermənistanla birləşdirilməsinin ən uyğun yol olduğunu” bildirmişdir.

Bununla bağlı Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi cari ilin oktyabrında Uruqvayın Almaniyadakı səfirinə etiraz məktubu ilə müraciət etmişdir. Məktubda bildirilir ki, xarici işlər nazirinin və bir siyasətçinin bu cür ifadəsi düşünülməmiş addımdır və ölkəsini xaricdə təmsil edən siyasətçi şəxsi hisslərinə deyil, tarixi faktlara əsaslanmalıdır. Məktubda BMT-nin, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı və Azərbaycan Respublikasının ərazi bütövlüyünə dair qəbul etdiyi qətnamələr haqqında məlumat verilmişdir.

Məktubda 20 ildən bəri davam edən münaqişənin tarixi, onun səbəbləri və hazırkı vəziyyəti haqqında məlumat verilmiş və Ermənistanın Azərbaycan ərazilərini 1993-cü ildən bəri işğal altında saxladığı, Xocalı faciəsində yüzlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi və itkin düşdüyü bildirilmişdir. Xarici işlər naziri Luis Almagro ifadəsinin münaqişə qurbanlarının ruhuna istehzası kimi qəbul edildiyi qeyd olunmuş və bildirilmişdir ki, bu addım xalqlar arasında qarşılıqlı anlaşmaya nəinki xidmət edə bilməz, həmçinin Azərbaycan Respublikası və Uruqvay arasında siyasi münasibətlərə mənfi təsir göstərər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.