SİYASƏT
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzindən “Deutschlandfunk” radiosuna etiraz
Bakı, 18 yanvar, AZƏRTAC
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi bu ölkənin “Deutschlandfunk” radiosunda yayımlanan qərəzli reportaja görə radio rəhbərliyinə etiraz məktubu ünvanlayıb. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Reportajın müəllifi Sven Toniges adlı jurnalist bir qrup alman turistlə birgə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə gedib və tamamilə qərəzli bir reportaj hazırlayıb.
Etiraz məktubunda bildirilir ki, jurnalist və turistlərdən ibarət qrup Azərbaycan hökuməti ilə razılaşdırmadan Ermənistanın işğalı altında olan ərazilərə gəlib. Bu səbəbdən də Ermənistanın işğal etdiyi və dünya dövlətləri tərəfindən Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağa edilən bu səfər qeyri-qanuni xarakter daşıyır.
Etiraz məktubunda deyilir: “Minlərlə azərbaycanlını bir araya gətirən bir təşkilat olaraq bildiririk ki, jurnalist Tonigesin bu səfəri Almaniya-Azərbaycan münasibətlərinə ciddi zərbədir. Çünki Almaniya regionda vacib rola malikdir və mütəmadi şəkildə Avropa İttifaqına öz tövsiyələrini təqdim edir. Buna görə də alman cəmiyyəti bu cür münaqişələri düzgün təsvir etməlidir”.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi radionu obyektiv olmağa və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.