SİYASƏT
Almaniyadakı soydaşlarımız böyük Qələbənin sevincini yaşayırlar VİDEO
Bakı, 10 noyabr, AZƏRTAC
Dünya azərbaycanlıları Şuşa şəhərinin azad olunmasını qeyd edirlər. Almaniyada yaşayan soydaşlarımız da bu sevincli gündə həmrəylik nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, onlar Şuşanın işğaldan azad edilməsi ilə əlaqədar ölkəmizin Berlindəki səfirliyinin önünə toplaşaraq bu Qələbə sevincini birlikdə yaşayıblar.
Dövlət Bayrağı Günü ilə yanaşı, qədim şəhərimizin işğaldan azad edilməsi, müqəddəs bayrağımızın Şuşada dalğalanması Azərbaycanın möhtəşəm qələbəsidir. Soydaşlarımız qeyd edirlər ki, onlar həyatlarının ən şərəfli günlərini yaşayırlar. Onlar bu şərəfli tarixi yaradan Ordumuza və Müzəffər Ali Baş Komandana sonsuz minnətdarlıqlarını bildiriblər.
Bayram tədbirində həmvətənlərimizlə yanaşı, Azərbaycana dost olan almanlar da iştirak ediblər.
İştirakçılar Azərbaycan himnini səsləndirdikdən sonra bayraqlarla bəzədilmiş maşınlarla şəhərdə yürüş ediblər.