İQTİSADİYYAT
Almaniyalı investorlar Azərbaycanda özəlləşdirilmə prosesinə maraq göstərirlər
Bakı, 13 sentyabr, AZƏRTAC
Almaniyalı investorlar Azərbaycanda özəlləşdirilmə prosesinə maraq göstərirlər.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, komitə nümayəndələri ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri arasında görüş keçirilib. Tədbirin məqsədi ölkədə aparılan özəlləşdirilmə prosesi, bu prosesə xarici investorların cəlb edilməsi, iqtisadiyyata yatırılan kapitalın həcmində əcnəbi sərmayəçilərin payının artırılması, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə iştirakçıları məlumatlandırmaqdır. Həmçinin özəlləşməyə açılan müəssisələrin fəaliyyət sahələri, profilləri, iqtisadi göstəriciləri barədə informasiya vermək, palataya üzv olan şirkətlər arasında informasiya mübadiləsini gücləndirmək, əlaqələrin genişləndirilməsini təmin etmək də əsas vəzifələrdəndir.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann bildirib ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində aparılan islahatlar bu il keçirilən biznes sorğularında yüksək qiymətləndirilib. Azərbaycanda aparılan iqtisadi islahatlar çərçivəsində özəlləşdirilmənin sürətləndirilməsi ilə bağlı görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Hazırda 120-dən artıq Almaniya və Azərbaycan şirkəti Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvüdür. Bu tədbirin keçirilməsi də həmin üzvlərin özəlləşdirilmə prosesində daha geniş iştirakına yeni imkanlar açır.
ƏMDK-nın Aparat rəhbəri Azər Bəşirov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan genişmiqyaslı iqtisadi islahatların bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edilib ki, dövlət başçısı bu islahatların tərkib hissəsi olan dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi istiqamətində də mühüm tapşırıqlar verir. Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədilə özəlləşdirilmənin sürətləndirilməsi prioritet istiqamətlərdəndir. “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən, müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmənin sürətləndirilməsi əsas məsələ kimi müəyyən olunub. Eyni zamanda, prosedurların elektronlaşdırılması, bu sahədə şəffaflığın, operativliyin təmin olunması başlıca məsələ kimi qarşıya qoyulub. ƏMDK da sahibkarların prosesə cəlb edilməsi istiqamətində mühüm işlər görür. Bu sahənin modernləşdirilməsində, müasir idarəetmə standartlarının tətbiqində, o cümlədən dövlət-özəl tərəfdaşlığının qurulması istiqamətində uğurlu nəticələr əldə edilir. Paytaxtda və regionlarda rəqabətqabiliyyətli müəssisələrin özəlləşdirilməsi, onların fəaliyyətinin yenidən bərpası, investorların prosesə cəlb edilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir.
Bildirilib ki, özəlləşdirilmiş müəssisələrdə çoxlu sayda iş yerləri yaradılıb, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı təmin olunub. Ümumilikdə, özəlləşdirilmə prosesində 250 mindən çox səhmdar səhm sahibi olub, 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb.
Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Rusiya, Çin, Finlandiya, İsrail və digər dövlətlərin investorları Azərbaycanda həyata keçirilmiş özəlləşdirilmədə iştirak ediblər.
Komitə tərəfindən ötən ilin sonunda “Özəlləşdirilmə portalı” istifadəyə verilib. Məqsəd özəlləşdirilmə prosesində şəffaflığın, optimallığın və müasirliyin təmin olunması, geniş ictimaiyyət, potensial yerli və xarici investorlar üçün müvafiq informasiya təminatının yaradılmasıdır. Portalda özəlləşdirilməyə çıxarılan dövlət əmlakları barədə daha geniş və təfərrüatlı məlumatlar təqdim olunur. Portaldan istifadə edənlərin sayı artıq 900 mini ötüb. Bu isə öz növbəsində ölkəmizdə həyata keçirilən özəlləşdirilmə prosesinə və açıq hərraclara olan marağın göstəricisidir.
Yeni yanaşmalara uyğun olaraq, 40-dan artıq hərrac keçirilib, bu hərraclarda 1400-dən artıq dövlət əmlakı satışa çıxarılıb. Hərracda istənilən şəxs və ya media üzvü iştirak edə bilər.
Görüşdə, həmçinin özəlləşdirilmə prosesində daha bir yenilik olan dövlətə məxsus daşınar əmlakların özəlləşdirilməsini həyata keçirən elektron hərrac barədə məlumat verilib. Qeyd edilib ki, elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirilmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilirlər. Diqqətə çatdırılıb ki, yaxın vaxtlarda elektron hərrac vasitəsilə bütün növ dövlət əmlakının özəlləşdirilməsi həyata keçiriləcək.
Xarici investorların ölkəyə cəlb olunması üçün mütəmadi tədbirlər həyata keçirən komitə bu sahədə yeni layihələr reallaşdırır. Bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə komitə ilə Almaniyanın Federal Maliyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bundan başqa Alman Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə əlaqələr qurulub.
Komitənin nümayəndəsi “Azərbaycanda özəlləşdirilmə və investisiya imkanları” mövzusunda təqdimatla çıxış edib, indiyədək ölkəmizdə həyata keçirilən özəlləşdirilmə prosesi, bu sahədə tətbiq olunan yeniliklər barədə danışılıb. Özəlləşdirilməyə açılan yeni müəssisələr, onların perspektivləri, yaranma tarixi, investisiya imkanları, maliyyə göstəriciləri barədə məlumat verilib. Həmin müəssisələr sənaye, səhiyyə, nəqliyyat, tikinti, xidmət və digər iqtisadi sahələrə aid olmaqla sərmayəçilər üçün əlverişli biznes qurmaq imkanıdır. Xarici investorların cəlb edilməsi məqsədilə ölkəmizdə sağlam investisiya mühiti formalaşıb.
Sonda iş adamlarını maraqlandıran çoxsaylı suallar komitə nümayəndələri tərəfindən cavablandırılıb.