REGİONLAR
Almaniyalı iştirakçı: Qəbələ forumu Dünya Skaut Hərəkatının inkişafına təkan verəcək
Qəbələ, 9 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ şəhərində keçirilən XIII Dünya Skaut Gənclər Forumunda iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Bu forum mənim şəxsi inkişafım, gələcəkdə uğur qazanmağım və ölkəmin skaut təşkilatının üzvü olan minlərlə gənc üçün vacib tədbirdi. Burada eşitdiklərimi və öyrəndiklərimi Almaniyaya qayıtdıqdan sonra həmkarlarımla bölüşəcəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələdə təşkil edilən XIII Dünya Skaut Gənclər Forumunun almaniyalı iştirakçısı Ann Şophie Hammerman bildirib. O, gənclərin dünyagörüşünün artırılması, müxtəlif xalqların adət-ənənələrinin, musiqi və geyimlərinin, rəqslərinin nümayişi, eləcə də vətənpərvərlik baxımından bu forumun çox önəmli tədbir olduğunu deyib.
“Mən burada iştirak edən 133 ölkədən seçilmiş 320 gəncdən biri olduğum üçün çox sevincliyəm. Burada başqa ölkələrdən olan çoxlu dostlar qazandım, onlarla müxtəlif mövzularda fikir mübadiləsi apardıq, bizləri düşündürən suallara cavab tapdıq, maraqlı təkliflər irəli sürüldü. Tədbirin təşkilatçılarına minnətdaram. Ümid edirəm ki, bu forum Dünya Skaut Hərəkatının daha da inkişaf edərək sıralarını genişləndirməsinə, yeni layihələrin icrasına təkan verəcək, dünyada baş verən proseslərə öz müsbət təsirini göstərə biləcək”, - deyə Ann Şophie Hammerman bildirib.
O, Azərbaycana ilk dəfə səfər etdiyini, ötən üç gündə Qəbələ ilə yaxından tanış olduğunu, bölgənin təbiətini, milli yeməklərini çox bəyəndiyini bildirib.