CƏMİYYƏT
Almaniyalı məktəblilər Azərbaycanda yay düşərgəsində iştirak ediblər
Bakı, 2 avqust, AZƏRTAC
Almaniyalı məktəblilər Azərbaycanda Yay Düşərgəsində iştirak ediblər.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkət ilə Almaniyanın “UniPer” şirkəti arasında 2013-cü ildə imzalanmış Əməkdaşlıq Sazişinə əsasən mühəndislər, gənc mütəxəssislər arasında təcrübə mübadilələri aparılır, digər layihə və proqramlar həyata keçirilir, işgüzar görüşlər təşkil olunur. Bu proqramlardan biri də SOCAR və “UniPer” əməkdaşlarının övladları üçün Almaniya və Azərbaycanda yay düşərgələrinin təşkil edilməsidir. Proqrama əsasən “UniPer” şirkətində çalışan əməkdaşların uşaqları bu il iyulun 17-31-i tarixləri arasında Azərbaycanda yay düşərgəsi proqramında iştirak etmişlər.
Almaniyalı qonaqlar SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətovla görüşüb, onlara Azərbaycanın qədim və müasir tarixi, Azərbaycan-Almaniya əlaqələri haqqında geniş məlumat verilib. Yeniyetmələri maraqlandıran suallar cavablandırılıb. Növbəti günlərdə alman məktəblilər Heydər Əliyev Mərkəzi, Milli Xalça Muzeyi, Tarix Muzeyi, İçərişəhər, Qobustan Dövlət Tarix və Bədii Qoruğu, “Bibiheybət” neft və qazçıxarma idarəsi, Neft Ekspozisiya Muzeyi, Atəşgah Məbədi, Qala Qoruğu, “Azərilmə” Xalçaçılıq Mərkəzi ilə tanış olub, Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüblər.
Daha sonra Quba şəhərinə yola düşüb, 1918-ci ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlı və Quba yəhudilərinin basdırıldığı kütləvi məzarlıqda olublar. Alman məktəblilərə Lənkəran-Astara zonasının təbiəti, habelə “Astaraçay” fabriki ilə tanış olmaq imkanı da yaradılıb. Onlara məlumat verilmişdir ki, 2010-cu ildə inşa edilmiş çay fabrikində gün ərzində 12 ton məhsul istehsal edilir. Lerikdəki uzunömürlülər muzeyi və bölgənin uzunömürlü sakinləri ilə görüş də alman gənclərin marağına səbəb olub. Daha sonra Qəbələ şəhərində Beltmann Pionino Fabrikində, Qəbələnd Əyləncə Mərkəzində olan alman yeniyetmələr Şəkidə qədim Alban kilsəsi və Xan sarayının tarixi ilə tanışlıqdan da məmnunluq bildiriblər.
Azərbaycanda yay düşərgəsi proqramının iştirakçılarına sertifikatlar təqdim olunub.