ELM VƏ TƏHSİL


Almaniyalı professor Azərbaycan Dillər Universitetində jurnalistlərlə görüşüb

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Dillər Universitetinin (ADU) Germanistika İnstitutunun fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, ölkəmizin bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri görüşdə Germanistika İnstitutunun rəhbəri, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman bir sıra vacib məqamlara toxunub.

Azərbaycana gəldiyi ilk günləri xatırladan Z.Hartman ölkəmizin tarix və müasirliyi özündə birləşdirməsinə vurğun olduğunu bildirib. O deyib: “Birinci dəfə Bakıya gələndə şəhərin görünüşündən valeh olmuşdum. Orta əsrlər İçərişəhəri, Xəzər dənizi və tamamilə yeni şəhər - bunların vəhdəti əfsanəvi bir təsir bağışlayırdı. Azərbaycanlıların qonaqpərvərliliyi çox möhtəşəmdir və müqayisəolunmazdır. Mən burada özümü evimdəki kimi hiss edirəm. Artıq Bakı mənim ikinci vətənimdir. Burada mənim çoxlu dostlarım var”.

ADU ilə əməkdaşlığından danışan Z.Hartman bu universitetin rektoru, akademik Kamal Abdulla ilə birgə hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün əhəmiyyətli layihələr həyata keçirdiklərini söyləyib. O, alman mədəniyyətinin nadir incilərindən biri “Nibelunqlar haqqında nəğmə”nin “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisəli şəkildə öyrənilməsi üzrə həyata keçirilən birgə layihələrdən və gələcək tədqiqat işlərindən bəhs edib. “İlk dəfə Azərbaycana 2007-ci ildə akademik Kamal Abdullanın dəvəti ilə gəlmişəm. Gəldikdən sonra “Nibelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” dastanının müqayisəli şəkildə beynəlxalq arenada tədqiqinə başlamışıq. Birinci konfransımız Almaniyanın Mayns şəhərində, digər iki konfrans isə Bakıda keçirildi. Bu konfranslarda azərbaycanlı və alman mütəxəssislərlə yanaşı, dünyanın bir çox ölkəsindən nümayəndələr iştirak edirdi. Tədbirlərdə əldə edilən nəticələrin hər biri üç cilddə çap olunub. O cildlərin biri Almaniyada, ikisi isə Azərbaycandadır”.

Germanistika İnstitutunun fəaliyyəti və əsas prinsipləri barədə məlumat verən Z.Hartman azərbaycanlı və alman tələbələrin mübadiləsinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq perspektivlərindən də söz açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.