İDMAN
Almaniyalı tennis ulduzları Timo Boll və Dimitri Ovtçarov “Bakı-2015”-də qələbəyə iddialıdırlar VİDEO
Bakı, 5 may, AZƏRTAC
Almaniya “Baku-2015“ birinci Avropa Oyunlarında güclü heyətlə təmsil olunacaq. Bu ölkənin Olimpiya İdman Federasiyası 6 mindən çox idmançının mübarizə aparacağı mötəbər idman yarışına ciddi hazırlaşır.
Oyunlarda idmanın 16 növü üzrə iştirak etmək üçün almaniyalı 300 kişi və qadın atlet paytaxtımıza yollanacaq. Onların arasında stolüstü tennis üzrə dünya ulduzları, dəfələrlə Avropa çempionu, dünya kubokunun ikiqat, dünya çempionatının yeddiqat qalibi, Olimpiya Oyunları mükafatçısı Timo Boll və yeddiqat Avropa çempionu, dünya və Olimpiya Oyunları mükafatçısı, əslən ukraynalı tennisçi Dimitri Ovtçarov da var.
Bakı səfəri öncəsi təəssüratlarını bölüşən tennis ulduzları birinci Avropa Oyunlarına ciddi və böyük həvəslə hazırlaşdıqlarını bildiriblər. “Bakı-2015” ilk Avropa Oyunlarını qitənin həyatında mühüm idman hadisəsi kimi qiymətləndirən Timo Boll və Dimitri Ovtçarov birincilik uğrunda mükafata iddialı olduqlarını vurğulayıblar.