DÜNYA
Almaniyanın Bad-Köniqshofen şəhərinin məktəbləri tam karantinə keçir
Berlin, 23 sentyabr, AZƏRTAC
Bavariya federal əyalətinin Bad-Köniqshofen şəhərinin cəmi 6 min sakini var. Bu şəhər barədə çoxunun məlumatı yoxdur, hətta Almaniyanın özündə belə əksər sakinlər bu şəhər barədə ilk dəfə eşidir. Lakin hazırda hər bir alman kütləvi informasiya vasitəsində bu şəhərin adı hallanır.
AZƏRTAC xəbər verir ki, Bavariyanın bu kiçik kurort şəhəri koronavirus pandemiyasının ikinci dalğası başlanandan tam təhsil karantininə keçən ilk alman şəhəridir. AFR-də məktəblərin və uşaq bağçalarının bağlanması pandemiya ilə mübarizədə son məcburi addım hesab edilsə də, Bad-Köniqshofendə artıq bu gün belə bir qərar qəbul etməyə hazırlaşırlar. Şəhərin bütün məktəb və uşaq bağçaları artıq bu gündən bağlanacaq. İş orasındadır ki, sentyabrın 12-də şəhərdə təşkil edilən toy mərasimindən sonra 17 nəfər koronavirusa yoluxub. Dünən isə daha 13 nəfərdə testlərin nəticəsi müsbət olub.
Bu səbəbdən uşaqlar evdə qalmalı olacaqlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin