İQTİSADİYYAT
Almaniyanın “Knauf” şirkəti Azərbaycanda tikinti sahəsində müştərək müəssisə yaradıb
Bakı, 22 oktyabr, AZƏRTAC
“Baku Build” XXII Beynəlxalq inşaat sərgisinin iştirakçılarından biri - Almaniyanın tanınmış "Knauf” şirkəti MDB ölkələrində tikinti sahəsində ən böyük sərmayəçi olmaqla, yüksək keyfiyyətli məhsul istehsal edir. Şirkət həmçinin Azərbaycanda müştərək müəssisə də yaradıb.
Bu barədə AZƏRTAC-a müsahibəsində "Knauf Marketing Baku" MMC şirkətinin satış meneceri Cavid Aslanov məlumat verib.
Menecer bildirib ki, "Knauf" respublikamızda 1997-ci ildən fəaliyyətdədir. “Bu gün şirkət dünyanın 90-a yaxın ölkəsində tikinti materialları istehsal edən müasir və yüksək texnologiyalı zavodlara malikdir. Onların əsas fəaliyyəti isə gips daşın hasilatı və emalı, daxili və xarici işləmələr üçün gips və sement əsaslı yüksək keyfiyyətli materialların istehsalıdır”, - deyə Cavid Aslanov bildirib.
Onun sözlərinə görə, bir sıra tikinti məhsulları ölkəmizdə yerli xammal hesabına istehsal olunur. Əksər məhsullar isə şirkətin xaricdəki zavodlarından gətirilir.
Şirkət, həmçinin mütəmadi olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil sahəsində gənc mütəxəssislərin yetişdirilməsi ilə bağlı kurslar təşkil edir.