DÜNYA


Almaniyanın Lyutserat kəndində ekoloji aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib VİDEO

Berlin, 16 yanvar, AZƏRTAC

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Lyutserat kəndində ekoloji aksiyanın iştirakçıları ilə polis arasında toqquşma zamanı 70-dən çox asayiş keşikçisi müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC xəbər verir ki, bir sıra hallarda bu xəsarətlərin mahiyyəti ... polislərin palçığa batması nəticəsində ayaqlarının burxulması olub.

Xatırladaq ki, bu kənddə qonur kömür hasilatına qarşı etiraz aksiyaları davam edir. RWE enerji konserninə məxsus qonur kömür karxanasının genişləndirilməsinə etiraz aksiyasına bir neçə min alman qoşulub. Aksiyada 35 min nəfər iştirak edir, lakin polis aksiya iştirakçılarının sayının iki dəfə az olduğunu iddia edir.

Toqquşmalar nəticəsində polislərlə bərabər aksiya iştirakçıları da xəsarət alıblar. Polislərə müqavimət göstərilməsi, onlara fiziki xəsarət yetirilməsi və ictimai asayişin pozulması haqqında maddələr üzrə təqribən 150 cinayət işi qaldırılıb.

Etiraz aksiyası əvvəlcə dinc şəraitdə keçib, lakin sonradan bəzi iştirakçılar asayiş keşikçilərinə tərəf pirotexnika vasitələri və daş atmağa başlayıb, mühasirəni yararaq kömür karxanasına giriblər. Buna cavab olaraq polislər dəyənəklərdən və su şırnaqlarından istifadə ediblər. Bundan əlavə, polis kənddəki boş evləri zəbt edən şəxsləri oradan çıxarmağa başlayıb. Asayiş keşikçiləri “inanılmaz dərəcədə zor tətbiq etməkdə” ittiham olunur.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.