Almaniyanın Maqdeburq şəhərindəki tədbirdə Azərbaycanın diaspor təşkilatları fəal iştirak etmişlər
AzerTAg.az
Maqdeburq, 16 yanvar (AZƏRTAC). Yanvarın 14-də Almaniyanın Maqdeburq şəhərində “Demokratiya yolları” adlı tədbir keçirilmişdir. Tədbirdə 145 cəmiyyətin nümayəndələri iştirak etmişdir. Bu tədbirdə Azərbaycanı Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil etmişdir.
Cəmiyyətin sədri Yaşar Niftəliyev, Hannover şəhərində fəaliyyət göstərən “Xəzər” cəmiyyətinin sədri Etibar Qəniyev, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvləri Nils Assel, Fuad Ağayev, Günay Ağayeva, Rəşid Amanov tədbir iştirakçılarına Azərbaycan haqqında geniş məlumat vermişlər. Azərbaycan səfirliyi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) tərəfindən nümayiş etdirilən kitablar, milli geyimlər hamının marağına səbəb olmuşdur. Zaxhsen-Anhalt əyalətinin daxili işlər naziri Holger Stahlkneşt, SPD partiyasının lideri Sigmar Gabriel və digər rəsmi şəxslər Azərbaycan diasporu üzvləri ilə xatirə şəkli çəkdirmiş, onların həyat tərzi ilə maraqlanmış, Azərbaycan haqqında kitablara baxmışlar.
Tədbirin sonunda AAKM-dən gətirilmiş 20 Yanvar faciəsi barədə sənədli film nümayiş etdirilmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Maqdeburq
Xəbərin mətnində orfoqrafik səhv var