ELM VƏ TƏHSİL
Almaniyanın “Volkswagen” Fondunun dəstəyi ilə Botanika İnstitutunda reallaşdırılan layihə uğurlu nəticələr verir
Bakı, 7 noyabr, AZƏRTAC
Almaniyanın “Volkswagen” Fondunun proqram direktoru Matthias Nöllenburq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda olub.
Botanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsi tərəfindən “Volkswagen” Fondunun dəstəyi və Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (BBBM) ilə müştərək həyata keçirilən “Qafqazda bitki müxtəlifliyinin saxlanması metodlarının işlənib hazırlanması” layihəsinin nəticələri və yeni əməkdaşlıq perspektivləri müzakirə olunub.
İnstitutun direktoru, akademik Validə Əlizadə qeyd edib ki, layihə çərçivəsində Herbari Fondunun infrastrukturunda yenidənqurma və müasir standartlara cavab verən müvafiq avadanlıqlarla təmin olunması işlərinə başlanılıb. Sonra Fondda bu işlər AMEA-nın dəstəyi ilə tamamlanıb. İnstitutun gənc mütəxəssisləri və doktorantları BBBM-də biologiyanın müasir sahələri olan molekulyar sistematika, biomüxtəlifliyin informatikası üzrə təcrübə toplayıb, Azərbaycanın bəzi qiymətli ağac növlərinin müasir statusunun təyini üzrə elmi tədqiqatlar aparıblar.
Görüşdə layihənin Azərbaycan tərəfindən əlaqələndiricisi Esmira Əlirzayeva və Botanika İnstitutunun əməkdaşları iştirak ediblər.
Sonra qonaq Herbari Fondunda herbari nümunələrinin rəqəmsallaşdırılması və virtual məlumat bazasına daxil edilməsi üzrə aparılan işlərlə tanış olub, bu istiqamətdə fəaliyyət göstərən gənc mütəxəssislərlə müzakirələr aparıb. Məlumat verilib ki, hazırda dəyərli herbari nümunələrinin beynəlxalq virtual herbari məlumat bazasına daxil edilməsi prosesi davam etdirilir.
Matthias Nöllenburq mikologiya və alqologiya üzrə yenilənmiş herbari kolleksiyası ilə də tanış olub. AMEA-nın professoru Dilzarə Ağayeva institutda müvafiq istiqamətlərdə aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verib.
Qonaq, həmçinin institutda fəaliyyət göstərən Botanika Muzeyində olub.
Botanika İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə tanış olan almaniyalı alim əməkdaşlıqdan məmnunluğunu bildirib, qısa müddətdə institut tərəfindən əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib. O, bu layihənin “Volkswagen” Fondu tərəfindən dəstəklənən uğurlu layihələrdən biri olduğunu vurğulayıb.
Sonda tərəflər əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, “Qafqazda bitki müxtəlifliyinin saxlanması metodlarının işlənib hazırlanması” layihəsi AMEA-nın Botanika İnstitutu ilə BBBM arasında imzalanmış razılaşma memorandumu çərçivəsində “Volkswagen” Fondunun dəstəyi ilə 2011-ci ildən reallaşdırılır. İlk mərhələsi uğurla nəticələr verən layihənin ikinci mərhələsinə 2016-cı ildən başlanılıb.