MƏDƏNİYYƏT
Almaniyanın “Vostok” jurnalında dahi şairimiz Nizami Gəncəviyə həsr olunmuş məqalə dərc edilib
Berlin, 11 dekabr, AZƏRTAC
Almaniyada nəşr olunan “Vostok” jurnalında “Nizami Gəncəvi – 880 ildən bəri canlı” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilir. Bildirilir ki, Nizaminin əsərlərində işıqlandırılan mövzular hər zaman aktuallığını qoruyur. Onun əsərləri bir növ Azərbaycan folklorunun ensiklopediyası kimi xarakterizə edilə bilər.
Nizaminin demək olar ki, indiki humanist ideyalarımızı da düşündüyünü və onun yaradıcılığının bir çox sahələrdə, xüsusən də təsviri və dekorativ yaradıcılığa təsir etdiyini görmək olar.
Nizami təkcə fəlsəfi yox, həm də siyasi şairdir. Onun niyyəti bir müəllim kimi “didaktik” hekayələr vasitəsilə hökmdarı da, xalqı da tərbiyə etmək idi.
Nizamini Höte ilə müqayisə edən müəlliflər bildirirlər ki, Nizami və Höte həm təbiət elmləri, həm də humanitar elmlərdə eyni dərəcədə maraqlı və bilik yönümlü idilər. Hər ikisi həmişə daha dərin, “ilahi” bilik axtarırdılar.
Onlar diqqətə çatdırırlar ki, Nizami öz yaradıcılığı ilə Azərbaycanın milli-mədəni sərvəti olmaqla yanaşı, eyni zamanda millətlərüstü və dünya miqyaslı şəxsiyyətdir.
Məqalədə, eyni zamanda 2021-ci ildə Azərbaycanda və dünyanın bir çox ölkələrində şairin 880 illik yubileyinin qeyd olunduğu vurğulanır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbir
Berlin