İQTİSADİYYAT


Almaniyanın öz Venesiyası, Versalı, Bergeni və Florensiyası var

Berlin, 10 yanvar, AZƏRTAC

Almaniya turizm imkanları çox geniş olan ölkədir. Bu ölkədə səyahət edənlər bəzən özlərini Avropanın digər ölkələrində hiss edirlər. Çünki bu ölkədə başqa Avropa ölkələrinin romantik və populyar yerlərinə bənzəyən guşələrin sayı az deyil. Bu gün AZƏRTAC öz oxucularına həmin yerlərin bəzilərindən söhbət açacaq.

Məsələn, Bavariyanın Bamberq şəhərində, Reqnits çayı sahilində yerləşən keçmiş balıqçı məhəlləsini “Kiçik Venesiya” adlandırırlar. Bu qədim şəhərin çoxsaylı abidələri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Branderburq əyalətində isə daha bir “Venesiya” – Şprevald, yəni “Şpreye çayı üzərində meşə” yerləşir. Bu yerlər subasar çəmənliklər və çay kanalları zəngindir, yerli sakinlər həm özləri qayıqlarda hərəkət edirlər, həm də turistləri gəzdirirlər. Yastıdibli qayıqlar qondola olmasa da, hər halda romantik gəzintilərə tam yarayır.

Helqoland adasındakı evlər Norveçin Bergen şəhərinin tipik fasadlarını xatırladır. Təqribən 1,5 min əhalisi olan ada hər gün 10 minə yaxın turist qəbul edir. Adanın Aİ-də xüsusi gömrük statusu var, bu da rüsumsuz alış-veriş həvəskarlarını cəlb edir. .

Kimze gölündəki adada bir növ Versalın Bavariyadakı surəti - Herrenkimze sarayı və parkı ucalır. Bu saray kompleksi məşhur Noynvanştayn qəsrini tikdirən Kral II Lüdviqin istəyi ilə inşa olunub.

Saksoniyanın paytaxtı Drezdeni “Elba çayı üzərində Florensiya”, yaxud “Şimali Florensiya” adlandırırlar. Bu müqayisə ilk dəfə XIX əsrin əvvəllərinin ədəbiyyatında işlənib. Drezdenin incəsənət muzeyləri və barokko üslubunda memarlıq abidələri bütün dünyada məşhurdur. Frauenkirxe kilsəsi və Drezden Rəsm Qalereyası onların arasında xüsusi yer tutur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.