SİYASƏT


Almaniyanın telekanalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışılıb VİDEO

Berlin, 22 oktyabr, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bu ölkənin “Deutsche Welle” telekanalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, müsahibədə səfir jurnalistin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını cavablandırıb, tamaşaçıları Azərbaycanın mövqeyi barədə məlumatlandırıb.

Diplomat bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda ATƏT-in Minsk qrupu vasitəçilik edir. Bu qrupun üzvü olan Almaniya prosesdə daha fəal rol oynaya bilər. Almaniya bunun üçün lazımi imkanlara malikdir.

Müsahibəsində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda müzakirə olunan baza prinsiplərinə istinad edən səfir işğal olunmuş ərazilərdə “status kvo”nun saxlanılması cəhdlərinin yolverilməz olduğu vurğulayıb. Bildirib ki, Almaniya tərəfi işğal olunmuş ərazilərin azad edilməsi üçün Ermənistana çağırış edə bilər. Bu münaqişədə təcavüzkar ölkə ilə təcavüzə məruz qalan ölkəyə fərq qoyulmalıdır.

Beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də dünya nizamının qorunması üçün bütün dünya ictimaiyyəti, o cümlədən Almaniya beynəlxalq hüququn tərəfində olmalıdır. Hazırda münaqişə ilə bağlı ikili standartlar qəbuledilməzdir. Beynəlxalq hüquqla bağlı vahid mövqeyin hamıya şamil olunacağı təqdirdə, bu cür münaqişələrin mövcudluğuna son qoyulacaq.

ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda baza prinsiplərinin mövcudluğunu bildirən səfir Ermənistanın həmin prinsiplərə məhəl qoymadığının, uzun müddət davam edən danışıqların nəticə vermədiyinin göz önündə olduğunu diqqətə çatdırıb. Bildirib ki, atəşkəs uzun illərdir mövcuddur, amma indi bununla yanaşı, növbəti addımlar atılmalıdır. Növbəti addımlar isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda müzakirə olunan baza prinsiplərinə, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmasından ibarətdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.