SİYASƏT


Almatıda Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib

Almatı, 10 noyabr, АZƏRTAC

Qazaxıstanın Almatı şəhərində Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin Azərbaycan mədəniyyəti və tarixi mərkəzində 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Qazaxıstan Milli Universitetinin Azərbaycan mədəniyyəti və tarixi mərkəzinin, Azərbaycan səfirliyinin və tanınmış ziyalı Nasixa Kenjinanın birgə təşkilatçılığı ilə təşkil olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirdə Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov, Qazaxıstan Xalqlar Assosiasiyasının üzvü, qazax dili üzrə tanınmış azərbaycanlı filoloq Əsli Osman, BMT-nin İqtisadi və Sosial Şurasının üzvü (ECOSOC), "Polygon 29 Avqust" Beynəlxalq İctimai Fondu Şurasının sədri Nurlan Boztayev, “İqilik” jurnalının baş redaktoru Meruet Aytenova, şərqşünaslıq fakültəsinin dekanı, fəlsəfə elmləri doktoru İxtiyar Paltore, “Türksoy” kafedrasının dosenti Torali Kıdır, eləcə də digər tanınmış elm adamları, ziyalılar və tələbələr iştirak edib.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı üzrə nümayəndəsi Ramil Rzayev çıxış edərək üçrəngli bayrağımızın tarixindən, onun əhəmiyyətindən danışıb. O, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildiyini və bunun o dövr üçün çox cəsarətli bir addım olduğunu vurğulayıb. Bildirib ki, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət bayrağına və digər dövlət atributlarına da yüksək diqqət göstərilir.

Tanınmış ziyalı, müxtəlif dövlət mükafatları laureatı Nasixa Kenjina xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə söykəndiyini vurğulayaraq, Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Almatıda yaşayan diaspor üzvlərini təbrik edib, hər iki ölkənin daha da yaxınlaşması istiqamətində Azərbaycan icmasının mütəşəkkil fəaliyyətinin əhəmiyyətindən danışıb. Digər natiqlər də Azərbaycanın müstəqil dövlət kimi son illər əldə etdiyi nailiyyətlərdən bəhs ediblər.

Tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Almatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.