İQTİSADİYYAT


Almatıda Qazaxıstan-Azərbaycan turizm forumu keçirilib

Almatı, 21 sentyabr, АZƏRTAC

Azərbaycanın Qazaxıstandakı səfirliyi ilə Almatı şəhər akimatlığının (qubernatorluğu) təşkilatçılığı və “Rayda Travel” turizm şirkətinin təşkilati dəstəyi ilə Almatıda Qazaxıstan-Azərbaycan turizm forumu keçirilib. Forumda Qazaxıstanın Turizm Assosiasiyasının prezidenti Raçida Şaykenova turizm sahəsində beynəlxalq əməkdaşlıq, yeni tendensiyalar və bu sahə üçün kadrların hazırlanması məsələlərindən danışıb. Assosiasiya rəhbəri Qazaxıstanın turizm potensialı haqqında geniş məlumat verib. Vurğulayıb ki, son illər Qazaxıstana turist marağı getdikcə artır. O, turizm xidmətlərinin çeşidlərindən bəhs edib, Azərbaycanın bu sahədəki təcrübəsi və böyük potensialından məlumatlı olduğunu vurğulayıb.

Forumda Qazaxıstana daha çox turistin cəlb edilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, bu baxımdan Azərbaycanın ixtisaslaşmış şirkətlərinə ölkənin turizm sənayesinin daha geniş nümayişi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan tərəfdən çıxış edən Milli Turizm Təbliğat Bürosunun direktor müavini Sevda Əliyeva turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafının vacibliyindən danışıb. Vurğulanıb ki, Azərbaycanın turizm sahəsində həyata keçirilən dövlət siyasəti nəticəsində son illər xidmət səviyyəsinin yüksəlməsi, turoperatorların yeni və cəlbedici marşrutlar təqdim etməsi, kurortların və otellərin sayının artması xarici turistlərin diqqətini cəlb edib. Statistikaya görə ildən-ilə daxili turizmlə yanaşı, xaricdən gələn turistlərin də sayında artım müşahidə olunur. Forumda hər iki ölkənin turizm agentlikləri müxtəlif regionlara turpaketləri təqdim ediblər.

“Rayda” turizm kompaniyasının direktoru Adil Əliyev ölkəmizin müxtəlif seqmentlərdə turizm potensialının Qazaxıstan bazarında təbliğ və təşviq edilməsinin vacibliyini qeyd edib və bu baxımdan belə forumların və digər layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Forumun əsas konsepsiyasından biri də turizmin təşkilinin müxtəlif aspektlərinə aid məsələlərin müzakirəsi olub. Forum plenar iclaslarda işini davam etdirib.

Azərbaycanın turagentlikləri müxtəlif turmarşrutlar haqqında, müalicə turizmi, istirahət və digər turizm xətləri barədə Qazaxıstan tərəfə geniş məlumat veriblər. Qalaaltı, Naftalan, Şahdağ və digər yerlər haqqında təqdimatlar forumda maraqla qarşılanıb.

Forumun nəticəsi olaraq şirkətlər arasında memorandum imzalanıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Almatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.