CƏMİYYƏT


Almatıda "Qarabağ Azərbaycandır!" kitabı təqdim edilib

Bakı, 17 may, AZƏRTAC

Qazaxıstanın Almatı şəhərində “Axıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlunun müəllifi olduğu "Qarabağ Azərbaycandır!" adlı kitabın təqdimat mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qazaxıstanın yerli ictimaiyyətinin tanınmış nümayəndələrindən “Uyğur avazı” qəzetinin redaktoru Erşat Asmatov, "Döyçe Zaytunq" alman qəzetinin baş redaktoru Olesya Klimenko, Qazaxıstanın milli "Dədə Qorqud" Fondunun və "Azərbaycan dünyası" beynəlxalq jurnalının Qazaxıstan təmsilçisi Nasixa Kenjina, Axıska, həmçinin Azərbaycan icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 44 günlük Qarabağ Zəfərinin üzərindən iki ilə yaxın vaxt ötsə də, soydaşlarımızın həmin sevincli günləri hələ də unudulmayıb. “Şuşa İli” çərçivəsində çap olunan kitabın Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ Azərbaycandır!" ifadəsi ilə adlandırılması isə bu şüarın xalqımız və xaricdə yaşayan soydaşlarımız üçün böyük əhəmiyyət kəsb etdiyinin bariz nümunəsidir.

Kitabdakı şeirlərdə Qarabağın, Vətən müharibəsinin Azərbaycan üçün ifadə etdiyi mühüm mənalara toxunulub, yeni reallıqlara diqqət cəlb edilib. Vətənpərvərlik ruhu ilə yoğurulmuş şeirlərin əsgərlərimizin rəşadətini, Vətən sevgisini vəsf etdiyi, sanki doğma torpağa qovuşmaq üçün Şuşanın sərt qayalarına dırmanaraq onu düşməndən xilas edən azərbaycanlı hərbçinin dilindən səsləndiyi, Ordumuzun Qarabağı azadetmə səhnəsinin göz önündə canlandırdığı diqqətə çatdırılıb.

"Qarabağ, evə uzun yol" kitabının müəllifi Nasixa Kenjina ötən ay Şuşaya səfəri barədə düşüncələrini bölüşüb.

Qeyd edək ki, hər zaman beynəlxalq səviyyələrdə Azərbaycanın haqlı mövqeyini müdafiə edən, ölkəmiz haqqında 3 kitabın müəllifi olan N.Kenjina 44 günlük müharibə müddətində də təcavüzkar Ermənistanın ünvanına kəskin çıxışları ilə fərqlənib.

Sonra Rövşən Məmmədoğlu kitab üzərində işləməsindən, Dünya Azərbaycanlıların V Qurultayında iştirakı zamanı ölkəmizin mədəniyyət paytaxtı Şuşadan aldığı təəssüratlardan danışıb, Azərbaycanın Qarabağa qayıtdığı kimi, axıskalıların da bir gün Axıskaya dönəcəklərinə ümid etdiyini bildirib.

Sonda müəllif Şuşaya həsr etdiyi şeiri səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.