DÜNYA
Almatıda baş verən atışmada 4 nəfər ölüb, 14 nəfər yaralanıb [YENİLƏNİB] VİDEO
Bakı, 18 iyul, AZƏRTAC
Almatı şəhərində naməlum şəxslərin polis bölməsinə və Milli Təhlükəsizlik Komitəsinin yerli departamentinə basqını nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində 3 polis əməkdaşı və silahlıların ələ keçirməyə çalışdığı minik avtomobilinin sürücüsü həlak olub. Silahlı qarşıdurma nəticəsində 14 nəfərin yaralandığı bildirilir.
12:24
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 18-də Almaatı şəhərində ən yüksək - qırmızı terror təhlükəsi səviyyəsi elan edilib. Bu barədə şəhərin Daxili İşlər Departamentindən bildiriblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Almatı şəhərində baş verən atışma nəticəsində ən azı 2 polis əməkdaşı həlak olub, 7 polis isə reanimasiyaya yerləşdirilib. Təcili tibbi yardım xəstəxanası silahlı mühafizə altına alınıb. Dinc əhali arasında ölən və ya yaralanan yoxdur.
Şəhərdə keçirilən antiterror əməliyyatı çərçivəsində “Almatı-1” dəmiryol vağzalı mühafizə altına götürülüb. Qazaxıstan KİV-nin məlumatına əsasən, polisin vağzalı mühasirəyə almasına binaya partladıcı qurğunun yerləşdirilməsi barədə informasiya səbəb olub.
Bir qədər əvvəl KİV-lər Qazaxıstan daxili İşlər Nazirliyinin Almatı şəhərinin Almalı rayon şöbəsi yaxınlığında baş verən atışma nəticəsində 2 polis əməkdaşının həlak olduğunu yazıb. Mənbənin məlumatına əsasən, hücum edən şəxslərdən bir nəfər saxlanılıb.