SİYASƏT
“Alm.az” Cəmiyyəti Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı alman ictimaiyyətini məlumatlandıracaqdır
Bakı, 3 may (AZƏRTAC). Almaniyanın Drezden şəhərində “Alm.az” Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtlarından biri olan Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı mərasim keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə soydaşlarımızla yanaşı, alman ziyalılarının, tarixçilərin, yəhudi, Ukrayna, Estoniya, Litva icmalarının nümayəndələri də iştirak edəcəklər.
Mərasimdə Şuşa şəhərinin tarixi, mədəniyyəti, dünya mədəniyyəti və incəsənətinə böyük töhfələr vermiş görkəmli şəxsiyyətləri, Dağlıq Qarabağa ermənilərin köçürülməsinin tarixi barədə məlumat veriləcəkdir. Erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğal edilməsi, 1 milyon azərbaycanlının öz doğma torpaqlarında qaçqın və məcburi köçkünə çevrilməsi iştirakçıların diqqətinə çatdırılacaqdır. Tədbirdə Ermənistanın işğal etdiyi torpaqları dərhal azad etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarına əməl etməməsi bir daha vurğulanacaq, Dağlıq Qarabağ və Şuşanın işğaldan əvvəl və sonrakı dövrünü əks etdirən sənədli film nümayiş etdiriləcəkdir. Qonaqlara eyni zamanda erməni işğalçılarının dinc azərbaycanlılara, o cümlədən, qocalara, qadın və uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə məlumat veriləcəkdir.
Tədbir çərçivəsində qonaqlara Azərbaycanın Almaniyadakı səfirliyi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə qədim Azərbaycan torpaqları - Qarabağın və Şuşanın işğalından bəhs edən kitablar, yazılı sənədlər və disklər təqdim olunacaqdır.