MƏDƏNİYYƏT
“Almaz” filmi mövzusunda elmi seminar təşkil edilib
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli dirijoru və bəstəkar Niyazinin anadan olmasının 110 illiyi ilə əlaqədar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının Zülfüqar Hacıbəyov və Niyazinin yaradıcılığında “Almaz” filmi mövzusunda elmi seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova seminarın əhəmiyyətindən danışıb.
Daha sonra muzeyin filialı olan Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə çıxış ediblər.
“Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Bakı Musiqi Akademiyasının doktorantı Fidan Nəsirova “Zülfüqar Hacıbəyov və Niyazinin yaradıcılığında “Almaz” filmi” mövzusunda məruzə ilə çıxış edib. Seminarda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarında qorunan “Almaz” kinofilminə aid bəzi not əlyazmaları təqdim olunub.
Tədbir “Almaz” filminin nümayişi ilə davam edib.
Sonda Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə çıxış edərək görülən işin əhəmiyyətini yüksək qiymətləndirib.