SİYASƏT
Alon Uşpiz: İsrail Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlıdır
Bakı, 3 aprel, AZƏRTAC
Xarici işlər nazirinin müavini Xələf Xələfov İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə direktoru Alon Uşpizin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, X.Xələfov iki dövlət arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, siyasi dialoqun əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını bildirib. Bu xüsusda, Baş nazir Benyamin Netanyahunun 2016-cı ilin sonunda Azərbaycana səfərinin münasibətlərin dərinləşməsinə təkan verməklə yanaşı, müqavilə-hüquq bazası, iqtisadi, humanitar, hərbi-texniki kimi əməkdaşlıq sahələrinin də genişləndirilməsi üçün çoxsaylı yeni imkanlar açdığını qeyd edib.
X.Xələfov, həmçinin iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafından məmnunluq ifadə edib, bu istiqamətdə qarşılıqlı fəaliyyətlərin davam etdiriləcəyini vurğulayıb.
Nazir müavini Azərbaycan Hökuməti tərəfindən iqtisadi sahədə aparılmış islahatlar çərçivəsində görülən işlərdə İsraili təmsil edən şirkətlərin iştirakının məmnunluq doğurduğunu bildirib. Həmçinin kənd təsərrüfatı, bərpa olunan enerji, turizm sektorları üzrə əməkdaşlığın geniş imkanlar vəd etdiyini qeyd edib. Xüsusilə kənd təsərrüfatı sahəsində həyata keçirilən stimulverici layihələrə yeni texnologiyaların cəlb edilməsinin prioritetlərdən olduğunu bildirən X.Xələfov bu sahədə İsrailin təcrübəsinin öyrənilməsinin faydalı olacağını vurğulayıb.
A.Uşpiz İsrail və Azərbaycan arasında tərəfdaşlığın strateji xarakterdən də üst səviyyədə olduğunu vurğulayıb və bunun xalqlar arasında tarixən formalaşmış dost münasibətlər, təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq, xüsusilə də iki dövlətin siyasi liderləri arasında şəxsi əlaqələrin təzahürü olduğunu əlavə edib.
Qonaq iki ölkə arasında ticarət dövriyyəsinin artan tempinin məmnunluq doğurduğunu bildirib, ikitərəfli Birgə Komissiyanın bu istiqamətdə müzakirə və fikir mübadiləsinin aparılmasında mühüm platforma kimi çıxış edəcəyinə əminliyini ifadə edib. A.Uşpiz İsrailin Azərbaycan ilə bütün sahələri üzrə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu əlavə edib.
X.Xələfov Cənubi Qafqaz regionunda inteqrasiya və inkişafa başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verib, 2016-cı ilin aprel döyüşlərinin Ermənistanın işğalçılıq niyyətindən hələ də əl çəkmədiyini, yeni ərazilərin işğalına, qaçqın və məcburi köçkün ordusunun yaranmasına səy göstərdiyinin göstəricisi olduğunu bildirib.
A.Uşpiz Ermənistan-Azərbaycan münaqişəsinə dair İsrailin mövqeyinin dəyişməz olduğunu və İsrailin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.