İDMAN


Alpaqut Turan döyüş sənəti Birləşmiş Ərəb Əmirliklərində təbliğ olunub

Bakı, 9 yanvar, AZƏRTAC 

Son illər Azərbaycanda sürətlə inkişaf edən alpaqut Turan döyüş sənətinin beynəlxalq aləmdə təbliği işində ölkəmiz yüksək fəallığı ilə seçilir. Bu idman növünün beynəlxalq miqyasda təbliği çərçivəsində növbəti tədbirlər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Alpaqut Federasiyasının birinci vitse-prezidenti Nuranə Şixəliyevanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin BƏƏ-dəki səfirliyinin təşkilatçılığı ilə bu ölkədə səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti BƏƏ-də Azərbaycan diasporunun üzvləri, azərbaycanlı tələbələrlə görüşlər keçirib. Görüşlərdə və tədbirlərdə Azərbaycan dövlətinin idmana göstərdiyi yüksək diqqət və qayğı, ölkəmizdə idman sahəsində qazanılan mühüm nailiyyətlər, eləcə də alpaqut Turan döyüş sənətinin inkişafı, ötən ilin sonunda Bakıda idmanın bu növü üzrə birinci dünya çempionatının yüksək səviyyədə təşkili barədə ətraflı məlumat verilib.

Alpaqut Turan döyüş sənətinin müəllifi, beynəlxalq dərəcəli idman ustası Vasif Namazov türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş növləri ilə sintezləşdirilərək yaradılan alpaqut idmanı barədə iştirakçıları məlumatlandırıb. Bildirib ki, alpaqut idman növünün beynəlxalq arenada inkişafı məqsədilə 2014-cü ildə Azərbaycanda Dünya Alpaqut Federasiyası yaradılıb. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan və Rusiya üzrə nümayəndəlikləri fəaliyyət göstərir. Bu qurum 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib.

Ölkəmizdə idman sahəsində əldə edilən nailiyyətlər, eləcə də alpaqut Turan döyüş sənəti ilə bağlı ətraflı məlumat böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.