REGİONLAR
Alpaqut Turan döyüş sənəti üzrə Qarabağ açıq turnirinin qalibləri məlum olub
Ağdam, 14 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonu Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində uşaq və yeniyetmələr arasında Alpaqut Turan döyüş sənəti üzrə Qarabağ açıq turniri keçirilib. Azərbaycan Alpaqut Federasiyası, Ağdam Rayon Gənclər və İdman İdarəsi, Ağdam Olimpiya İdman Kompleksinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən yarışda Azərbaycan Alpaqut Federasiyası Qarabağ regional nümayəndəliyinə daxil olan rayon filiallarını təmsil edən 70-dən çox idmançı iştirak edib.
Ağdam Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yaninda Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq açıq hava şəraitində keçirilən yarışda əvvəlcə həkim briqadası tərəfindən iştirakçıların bədən hərarəti yoxlanılıb. Turnirdə Ağdam komandası birinci, Kəlbəcər komandası ikinci, Ağcabədi komandası isə üçüncü yerə layiq görülüb. Yarışın qalibləri diplom və medalla mükafatlandırılıblar.